İtaliya sahillərində qədim Roma gəmisinin qalıqları tapıldı
İtaliyanın Qallipoli sahillərində yaxşı qorunmuş qədim Roma ticarət gəmisinin qalıqları təsadüfən tapılıb.
ERAmedia xəbər verir ki, bu barədə “Divernet” nəşri məlumat yayıb.
Tapıntı İon dənizinin dibində aparılan planlı skanlama işləri zamanı qeydə alınıb. Obyektin araşdırılması üçün peşəkar dalğıclar cəlb olunub. Nəticədə eramızdan əvvəl IV əsrə aid olduğu ehtimal edilən, demək olar ki, toxunulmamış vəziyyətdə qalmış iri ölçülü gəmi qalıqları aşkarlanıb.
Mütəxəssislərin fikrincə, gəmi Şimali Afrikadan yola düşüb və yüzlərlə amfora ilə yüklənib. Amforaların bir çoxu bu günədək gəminin göyərtəsində qorunub saxlanılıb. Tədqiqatçıların sözlərinə görə, bu qədər çox sayda amforanın yaxşı vəziyyətdə qalması tapıntını nadir və unikal edir.
Gəmi qalıqlarının öyrənilməsi üçün yüz minlərlə avro vəsait ayrılıb. Gözlənilir ki, tədqiqatlar Roma imperiyasının ticarəti, gəmiqayırma texnologiyaları və dəniz marşrutları barədə alimlərə yeni və dəyərli məlumatlar verəcək.
Vüsalə









