IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
ERAmedia xəbər verir ki, Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilib.
Açılış nitqi ilə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Vətən müharibəsi başa çatandan sonra agentlik və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.
O vurğulayıb ki, bu rəqəmlər yenidən istifadəyə verilən yolları, qurulan kəndləri, bərpa edilən elektrik xətlərini, istifadəyə qaytarılan kənd təsərrüfatı sahələrini və insanların doğma torpaqlarına qayıtması istiqamətində yaradılan imkanları ifadə edir:“2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib. Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103 min hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib”.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat dünyada təxminən 57 ölkənin mina və müharibənin partlamamış sursat qalıqları ilə çirklənmiş vəziyyətdə olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu, bütöv icmaların təhlükəsizliyinə, sağlamlığına, rifahına, yaşayış vasitələrinə və sülh perspektivlərinə təhlükə yaradır. Cəmiyyətin ən həssas üzvləri olan qadınlar və uşaqlar isə tez-tez bundan böyük zərər görürlər.
Nasar Hayat qeyd edib ki, Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir. Faciələrdən və mina partlayışlarından sağ çıxan insanlar isə mina təhlükəsinin aradan qaldırılması istiqamətində fəaliyyətin nə üçün təxirəsalınmaz olduğunu bir daha xatırladırlar. “Çağırışın miqyasına baxmayaraq, Azərbaycan bu istiqamətdə diqqətəlayiq tərəqqi əldə edib. 2026-2030-cu illər üçün BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasında biz ANAMA-nı dəstəkləməyə sadiqik. Hələ çox iş görülməlidir, daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır”,- deyə Nasar Hayat bildirib.
Qeyd edək ki, panel müzakirələrlə davam edən konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi IV Beynəlxalq Minatəmizləmə Konfransında ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin nümayəndələri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunurlar.










