İyulun 16-dan bu küçədə hərəkət istiqaməti dəyişdirilir - VİDEO
İyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Bu, daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan layihələrin davamıdır.
Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcək.
Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.
Qeyd edək ki, layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.









