media-1791632359470841623_1200x630

Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü diqqət çəkən məqamlarla yadda qalıb.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Ramzan Kadırov bundan əvvəl Azərbaycana 2018-ci ildə səfər edib. Onun sözlərinə görə, Kadırov ötən illərdə Azərbaycanın ünvanına xoş olmayan fikirlər səsləndirib və buna görə müvafiq cavabını da alıb.

Şərhçi qeyd edib ki, 2024-cü ilin dekabrında Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı Kadırovun açıqlaması da gözlənilən səviyyədə olmayıb.

Bununla belə, Ramzan Kadırovun Prezident İlham Əliyevlə görüşü zamanı təyyarə faciəsi ilə əlaqədar öz adından və bütün çeçen xalqı adından dərin hüznlə başsağlığı verməsi diqqət çəkib. Kadırov hadisəni “ortaq kədərimiz” adlandıraraq, Azərbaycan xalqının dərdini səmimi-qəlbdən bölüşdüyünü və həlak olanların ruhuna dualar etdiyini bildirib.

Elxan Şahinoğlunun diqqət çəkdiyi digər məqam Kadırovun Qarabağ məsələsi ilə bağlı fikirləri olub. Çeçenistan rəhbəri Azərbaycan Prezidentinə müraciətində Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edib və bölgədə daim sülhün, sabitliyin hökm sürəcəyinə əminliyini ifadə edib.

Ramzan Kadırovun Prezident İlham Əliyevlə birlikdə Bakının “Ağ Şəhər” ərazisində olması da səfərin diqqətçəkən məqamlarından biridir.

Siyasi şərhçinin fikrincə, Kadırovun “Ağ Şəhər”lə tanışlığı və səfərin ümumi konteksti Çeçenistanın Azərbaycan investisiyalarına marağı olduğunu düşünməyə əsas verir. Çeçenistanın Azərbaycanın investisiya imkanlarından yararlanmaq istəyi səfərin mümkün iqtisadi məqsədlərindən biri ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər