media-yer_gunes1

İnsan Yer planetinin bir hissəciyi olsa da, kainatın ölçüləri qarşısında demək olar ki, görünməyəcək qədər kiçik mövqedədir.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva bildirib ki, kainatın vizual təsvirlərini araşdırarkən insanın mövcudluğu və kainatdakı yeri ilə bağlı mühüm suallar ortaya çıxır. Onun sözlərinə görə, mütəxəssislərin hazırladığı kainat təsvirlərində yüz milyardlarla qalaktika görünür və hər bir qalaktika milyardlarla ulduz, planet, qaz, toz və qaranlıq maddədən ibarətdir. Belə nəhəng miqyasda hətta Günəş sisteminin belə seçilməsinin çətin olduğu diqqətə çatdırılır.

Arzu Qazıyeva qeyd edib ki, bu mənzərənin ən diqqətçəkən tərəfi qalaktikaların nizamlı şəkildə mövcud olmasıdır. Onun fikrincə, qalaktikalar biri digərinə mane olmadan, müəyyən qanunauyğunluq çərçivəsində yaşayır, sanki canlı varlıqlar kimi doğulur, inkişaf edir, qocalır və milyardlarla il davam edən prosesin sonunda ömürlərini başa vururlar.

Araşdırmaçı jurnalist vurğulayıb ki, əgər bu nizam pozulsaydı, kainatda xaos yaranar, bunun nəticələri isə insan da daxil olmaqla bütün mövcudluğa təsir göstərə bilərdi. O, belə bir vəziyyətdə bəşəriyyətin ümumiyyətlə mövcud olub-olmayacağı sualının düşündürücü olduğunu bildirib.

Arzu Qazıyeva hesab edir ki, kainatın bu möhtəşəm düzəni ilahi qüdrət haqqında da fərqli düşünməyə əsas verir. Onun sözlərinə görə, bəşəriyyət Allahın varlığını qəbul edirsə, ilahi missiyanı yalnız 8 milyard insanın taleyini müəyyənləşdirmək kimi təsəvvür etmək doğru yanaşma deyil. Araşdırmaçı jurnalistin fikrincə, ilahi qüdrətin miqyası ölçüyəgəlməz kainat sisteminin mövcudluğunu qorumaq, onun nəhəng strukturlarının nizamını və harmoniyasını təmin etmək kimi daha böyük bir məzmun daşıyır.


media-adspc

Bənzər xəbərlər