Kamran Əliyev Aleksandr Qutsanla görüşüb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.
ERAmedia xəbər verir ki, səfər çərçivəsində Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.
Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev deyib ki, Azərbaycan və Rusiya arasında tarixən formalaşmış dərin mədəni, siyasi və hüquqi əlaqələr mövcuddur.
İki ölkənin siyasi liderləri İlham Əliyev və Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin nəticəsidir ki, ölkələrimizin tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinədək inkişaf edərək sıxlaşıb. Bu isə öz növbəsində hər iki dövlətin hüquq mühafizə orqanları arasında məhsuldar işgüzar münasibətlər üçün əlverişli zəmin formalaşdırır.
İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirən Kamran Əliyev qeyd edib ki, bu əlaqələr iki istiqaməti əhatə edir. Belə ki, hər iki ölkənin hüquqtətbiqetmə təcrübəsinin və qanunvericiliyinin yeni institutlarının öyrənilməsi ilə yanaşı, konkret cinayət işləri çərçivəsində hüquqi yardım göstərilməsi və cinayət törətmiş şəxslərin verilməsi istiqamətində də əməkdaşlıq əlaqələrində yüksələn xətt üzrə inkişaf edir.
Öz növbəsində Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan deyib ki, hər iki ölkənin prokurorluq orqanları arasında ənənəvi olaraq, yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcud olub.
Rəsmi səfərdə iştirak dəvətini qəbul etdiyinə görə Kamran Əliyevə təşəkkürünü bildirən rusiyalı həmkarı, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Daha sonra konkret cinayət işləri ilə bağlı müzakirələr aparılıb.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.
Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.










