“Kamran Əsədova 15 min vermişdim, birinci qaytarmaq istəmirdi”
Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərdən bəziləri ifadə verib.
Proses təxminən 3 saatdan artıq davam edib.
Məhkəmədə şahid qismində tanınan G. Quliyeva ifadə verib. O, Gündüz Abbasovu yox, amma Kamran Əsədovu tanıdığını bildirib.
İfadəsində qeyd edib ki, övladı buraxılış imtahanından az bal toplayıb. K. Əsədovu ekspert kimi tanıdığını və ondan övladının kollecə qəbul olmasında kömək istədiyini deyib. K. Əsədov isə öz növbəsində kömək edəcəyini, hətta, universitetə qəbul olacağını iddia edib.
Bunun müqabilində K. Əsədova 15 min manat ödəyib.
G. Quliyeva eyni zamanda K. Əsədovun köməkçisi olan Bəhmən adlı şəxsin ona məhkəməyə getməməsi üçün təsir etdiyini də deyib. Ona vatsap mesajlaşma proqramı vasitəsilə səs yazısı atdığını bildirib. Hakim G. Quliyevadan səs yazısını təqdim edilməsini istəyib.
O əlavə edib ki, sonradan verdiyi pulu geri istəsə də, K. Əsədov məbləği qaytarmaqdan imtina edib.
Lakin qadın ibtidai istintaqa çağırıldıqdan sonra K. Əsədov 15 min manatı geri qaytarıb.
Daha sonra Bəhmən Hüseynli hakimə ifadə verib.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B. Hüseynli hakimin sualına tam cavab verə bilməyib.
Bundan sonra B. Hüseynlidən avadanlıqların kimin vasitəsilə hazırlandığı və necə quraşdırılması soruşulub. O bildirib ki, avadanlıqların mahiyyətini bilməyib, həmin şəxslərin K. Əsədovun ofisində məşq etdiyini görüb. Onun sözlərinə görə, kürəkəninin pul almasına şahidlik etməyib.
Məlumat üçün bildirək ki, B. Hüseynli K. Əsədovun qaynıdır.
Qeyd edək ki, növbəti məhkəmə prosesi sabah saat 14:00-a təyin olunub.










