Karakasda prezident sarayının yaxınlığında atışma
AFP agentliyinin mənbəsinin bildirdiyinə görə, Venesualada prezident sarayının üzərindən kimliyi müəyyən edilməyən pilotsuz uçuş aparatları (PUA) keçib, təhlükəsizlik qüvvələri isə onlara atəş açıb.
ERAmedia xəbər verir ki, bu barədə Fransanın beynəlxalq xəbər agentliyi “Agence France-Presse” (AFP) hökumətə yaxın mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, “vəziyyət nəzarət altındadır”.
Venesuela prezidenti üçün rəsmi iqamətgah olan Karakasdakı Miraflores sarayının yaxınlığında atəş səsləri eşidilib. Bu barədə isə “BNO News” hadisə şahidlərinə istinadən məlumat yayıb.
“BNO News”un məlumatına görə, atışma ilə bağlı ilk xəbərlər yerli vaxtla yanvarın 5-i saat 20:30 radələrində yayılıb. Sosial şəbəkələrdə silahlı şəxslərin göründüyü videolar paylaşılmağa başlayıb. AFP mənbəsinin bildirdiyinə görə, təxminən həmin vaxt Karakasın mərkəzində yerləşən sarayın üzərindən naməlum pilotsuz aparatların uçduğu müşahidə edilib və təhlükəsizlik qüvvələri cavab atəşi açıb. Hadisə Delси Rodriqesin Venesuelanın müvəqqəti prezidenti kimi and içməsindən bir neçə saat sonra baş verib.
“Noticias Caracol”un mənbələri nazirliklərin və hökumət binalarının təxliyə edildiyini bildirib. Nəşrin yazdığına görə, atışma baş verən əraziyə yaxın müəssisələr fövqəladə tədbir kimi fəaliyyətini dayandırıb.
Ağ Evin nümayəndəsi CNN-ə açıqlamasında ABŞ-ın baş verənlərlə bağlı xəbərləri diqqətlə izlədiyini və hadisələrlə heç bir əlaqəsinin olmadığını bildirib.
Vural Həsənoğlu










