Kaxetiyada Naxçıvan qalası və gürcü şovinizmi - FOTO
Azərbaycanın Qafqazda qədim bir coğrafiya olması tarixin bütün dövrlərində xəritələrdə, eləcə də antik tarixçilərdən XIX əsrə qədər səyyahların əsərlərində qeyd edilir. Qafqazdan tutmuş Krıma, Mərkəzi Asiya və Anadoludan Tehrana qədər geniş bir ərazidə Azərbaycan coğrafiyasına aid adlara daim rast gəlinir. Bu adlar tayfalar, abidələr, damğalar, regionlar və digər anlayışlarla bağlıdır.
Lakin Rusiyanın Azərbaycan daxil olmaqla Qafqazı işğal etməsindən və burada yaşayan, eləcə də gəlmə xalqlara dövlət qurmasından sonra bizə məxsus toponimlər, oykonimlər və etnonimlər dəyişdirilməyə başlandı. Dərbənddən Krıma qədər, Gürcüstan və indiki Ermənistan ərazilərində, eləcə də müasir İran və Türkiyədə Azərbaycan xalqına məxsus çoxsaylı adlar saxtakarlığın qurbanı oldu. Bunlardan biri də Gürcüstanın Kaxetiya bölgəsində yerləşən və tarixi sənədlərdə Naxçıvan qalası, gürcü mənbələrində isə dəyişdirilərək Niaxura (Niaxur) qalası adlandırılan abidədir.
Gürcülər, çeçenlər və digər xırda Qafqaz xalqları tərəfindən mənimsənilməyə cəhd edilən bu qala XVI əsrdə Azərbaycan xalqına məxsus bir abidə olmaqla yanaşı, adı da çoxsaylı mənbələrdə Naxçıvan qalası kimi qeyd edilir.
Əvvəlcə qısa izah verək. Qədim Urartu, Şumer, Yunan, Roma, Bizans və türk mənbələrində bu ərazi adı “nax” – ilk, başlanğıc və “çıvan / cavan / avan” – yer, məkan, şəhər mənalarında izah olunur. Mənbələrdə “Nuh çıxan” və oxşar adlara da rast gəlinir.
Lakin Nuhla bağlı əfsanə qədim adın xalq şüurundakı mifik təzahürüdür. Sadə dildə desək, mifoloji, tarixi və linqvistik yanaşmalar əsasında dünya alimlərinin əksəriyyətinin gəldiyi nəticəyə görə “Naxçıvan” “ilk yaşayış yeri”, “qədim məskən” mənasını verir. Bu ad Azərbaycan xalqına və onun coğrafiyasına aiddir. Nə gürcü, nə çeçen, nə də digər Qafqaz xalqlarının mifologiyasına, tarixinə və ya linqvistik sisteminə aid deyil və ola da bilməz.
Gürcü mənbələri saxtakarlıq edərək bu qalaya “Niaxura” və ya “Niaxur qalası” adını tətbiq etmişdir. Halbuki Borçalı və Kaxetiya ilə sıx bağlı olan bölgənin tarixi toponimiyasında bu qala Naxçıvan qalası kimi tanınır. Qalanın tarixi IX əsrdən daha əvvələ gedib çıxsa da, Gürcüstan çarı II İrakli burada baş vermiş döyüşdən sonra zədələnmiş qalanı bərpa etdirərək adının dəyişdirilməsinə də şərait yaratmışdır.
Daha sonra Naxçıvan qalası memar Parmen Zakaria tərəfindən hazırlanmış model əsasında faktiki olaraq sıfırdan yenidən inşa edilmişdir. Həmin dövrün bərpa üsulları tarixi standartlardan kənar olduğu üçün mütəxəssislər tərəfindən tənqid edilsə də, gürcü şovinizmi nəticədə məqsədinə çatmışdır. Qalanın türk elementləri və memarlıq üslubu tamamilə məhv edilmiş, abidə yeni və indiki formasına salınmışdır.
Eyni zamanda qalanın o dövr üçün səciyyəvi olan İslam memarlıq elementlərinin böyük hissəsi dağıdılmışdır.
XVIII əsrdə Gürcüstanda mövcud olan bir çox müdafiə tikililəri Azərbaycan və Qacar dövlətinin sənətkarları tərəfindən tikilmiş və ya möhkəmləndirilmişdir. Buna görə də bu qalanın memarlıq üslubu, arxitektura forması və dairəvi qüllələri Naxçıvan, Gəncə və İrəvanda eyni dövrdə inşa edilmiş qüllələrlə böyük oxşarlıq təşkil edir. Bu memarlıq üslubu sırf türk-İslam mədəniyyətinin tərkib hissəsidir.
Qalanın “Naxçıvan” adlandırılması isə buradan Borçalı, Gəncə və son dayanacaq olan Naxçıvana uzanan birbaşa yolun mövcudluğu ilə bağlıdır. Bu yol əsasən ticarət məqsədi ilə istifadə olunmuşdur. Yerli türk əhalisi bu marşrut vasitəsilə təhlükəsiz və rahat şəkildə hərəkət edə bilirdi. Bəzi mənbələrə görə, bu qalanın Əlincə qalasının prototipi kimi müdafiə məqsədli tikilməsi də onun Naxçıvan adlandırılmasına səbəb olmuşdur. Eyni zamanda “Naxçıvan” adı buranın Naxçıvandan gələn karvanların son əsas dayanacağı olması ilə də əlaqələndirilə bilər.
Səfəvilər, Əfşarlar, Qacarlar dövründə və onlardan xeyli əvvəl bu qala Naxçıvan qalası adı ilə tanınmışdır. Rusiyanın dəstəyi ilə hakimiyyət əldə edən gürcü çarı II İrakli isə bölgədə türk izini silmək məqsədilə onun adını dəyişdirmişdir.
Bu qala rəsmi olaraq gürcü abidəsi hesab edilsə də, onun tarixi bölgənin türk əhalisi ilə ayrılmaz şəkildə bağlıdır və Naxçıvan qalası adı buranın həqiqi və tarixi adıdır.
Zaur Əliyev











