“Kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi” kontekstində-MÜZAKİRƏ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə DAHA.tv-nin birgə layihəsi olan
“Beyin fırtınası” verilişinin növbəti buraxılışı “Ənənəvi və texnokulturoloji mühitdə folklor:
kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi” mövzusuna həsr edilib.
ERAmedia xəbər verir ki, proqramın qonaqları filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya elmləri doktoru Hikmət Quliyev və filologiya elmləri doktoru Səfa Qarayev olublar. Moderatoru
tanınmış yazıçı, şair və publisist Aqşin Yenisey olan verilişdə alimlər çağdaş
folklorşünaslığın bir sıra aktual nəzəri-metodoloji problemlərinin müxtəlif aspektlərdən
analiz ediblər. Müzakirələr, əsasən, aşağıdakı suallar ətrafında aparılıb:
Müasir folklorşünaslıq diskursunda “xalq” və “bilik” anlayışları hansı mənaları
kəsb edir?
Necə olur ki, folklor ənənəsi zamanın axarında həm “keçmişin səsi”, həm “bu
günün reallığı”, həm də “gələcəyin kodu” kimi mövcud olur?
Folklorun sosial mühitlər arasında (kənd–şəhər–internet) keçidi mədəni kimliyi
necə yenidən kodlaşdırır?
Ənənə “donuq miras”, yoxsa “dinamik enerji”dir? Folklor bu enerjini hansı
yollarla hərəkətə gətirir?
Folklorda müşahidə edilən simvolik davranış və obrazların psixoanalitik
interpretasiyası cəmiyyətin gizli emosional ehtiyaclarını və travmatik təcrübələrini hansı
mexanizmlərlə üzə çıxarır?
Virtual məkanda yaranan yeni folklor modelləri (memlər, ironik narrativlər, onlayn
karnavalizm) fərdi və kollektiv psixikanın sublimasiya, proyeksiya və kompensasiya
proseslərini hansı şəkildə aktuallaşdırır?
İnternet folklorunun ənənəvi folklordan fərqli olaraq yaratdığı yeni məzmun,
ünsiyyət modeli və sosial funksiyalar hansılardır?
Virtual mühitin ənənəni qoruyan, transformasiya edən və ya dağıdan qüvvə kimi
müxtəlif rolları hansılardır?
Diskusiyanın mərkəzində hazırda dünya folklorşünaslığının aparıcı xətti olan
folklorun yalnız “mətndən ibarət” hadisə olmadığı, əksinə, sosial-antropoloji və psixoloji
dinamikalarla sıx bağlı canlı mədəni proses olduğu fikri dayanıb.
Alimlər qeyd ediblər ki, folklorun yalnız mətn strukturu üzərindən deyil, həm ənənəvi
kənd, həm urban mədəniyyət, həm də virtual mühit kimi müxtəlif sosial məkanlarda necə
funksionallaşdığına baxmaq müasir folklorşünaslığın qarşısında duran ən vacib
vəzifələrdəndir.
Nəticə etibarilə, “Beyin fırtınası”nda aparılan müzakirələr folklorşünaslığın həm elmi-
intellektual müstəvidə, həm də müasir sosial-mədəni praktikada aktuallığını bir daha ortaya
qoyub və folklora yalnız keçmişin mirası kimi deyil, daim yenilənən sosial enerji kimi
yanaşmağın vacibliyini vurğulayıb.
Verilişə tam şəkildə buradan baxa bilərsiniz:









