Kəskin hava dəyişikliyi insanlara necə təsir göstərir
İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir.
ERAmedia xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır: “Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir”.
Mütəxəssis qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər. Belə ki, atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da xüsusilə ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır.
“İnsan sağlamlığının hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyü əsasən dörd mühüm faktordan asılıdır. Əsas faktorlardan biri bioloji və genetik faktordur. Yaş, cins və xroniki xəstəliklərin olması bədənin adaptasiya gücünü birbaşa təyin edir. Həyat tərzi və vərdişlər də çox önəmlidir. Aktiv hərəkət, zərərli vərdişlərdən (tütün, spirtli içki) uzaq olmaq və balanslı qidalanma immuniteti gücləndirir. Psixoloji və emosional vəziyyətin də orqanizmin hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyündə rolu böyükdür. Stres və yuxusuzluq sinir sistemini zəiflədir və havanın mənfi təsirlərinə qarşı bədəni müdafiəsiz qoyur. Yaşadığınız yerin rütubət dərəcəsi, havanın çirklilik səviyyəsi və ani atmosfer təzyiqi dəyişmələri də bədənə birbaşa təsir edir”, – deyə mütəxəssis bildirib.









