Kiber sektorda sürətli inkişafın sirri: Qlobal reytinqlərdə yüksəliş nədən qaynaqlanır?
Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində həm regional, həm də qlobal miqyasda diqqətçəkən irəliləyiş əldə edib.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu uğurların təsadüfi olmadığını və sistemli yanaşmanın nəticəsi olduğunu bildirib.
Onun sözlərinə görə, cəmi 4 il əvvəl kiber sektorda kifayət qədər problemlər mövcud idi, lakin qısa müddətdə vəziyyət köklü şəkildə dəyişdi. Bu dəyişikliklərin əsasını isə ölkə rəhbərliyi səviyyəsində kibertəhlükəsizliyə verilən yüksək önəm təşkil edib. Xüsusilə Prezidentin çıxışlarında milli suverenlik və kiber dayanıqlılıq məsələlərinin ön plana çəkilməsi prosesləri sürətləndirən əsas amillərdən biri olub.
Osman Gündüz xatırladıb ki, həmin dövrdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin iştirakı ilə genişmiqyaslı toplantı keçirilib və bu tədbir kiber sektorun inkişafında dönüş nöqtəsinə çevrilib. Onun sözlərinə görə, həmin görüşdə dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, təhsil nümayəndələri və müstəqil ekspertlər bir araya gələrək vacib qərarlar qəbul ediblər.
Ekspert qeyd edib ki, məhz həmin mərhələdə Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılıb və sektora dair ciddi mesajlar verilib. Bundan sonra proseslər sürətlənib, geniş müzakirələr aparılıb və real addımlar atılıb.
Onun fikrincə, qısa müddətdə ölkədə kiber infrastrukturun əsas elementləri formalaşdırılıb, qanunvericilik bazası gücləndirilib, institusional strukturlar yaradılıb və risklərə hazırlıq mexanizmləri qurulub. Xüsusilə kritik sektorların tənzimlənməsi istiqamətində mühüm addımlar atılıb.
Osman Gündüz vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Milli Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu sahədə koordinasiyanın gücləndirilməsinə ciddi töhfə verib. Nəticədə Azərbaycan beynəlxalq reytinqlərdə, o cümlədən Milli Kibertəhlükəsizlik İndeksində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Ekspert hesab edir ki, bu model digər sahələr üçün də nümunə ola bilər. Onun sözlərinə görə, konkret sahə üzrə liderliyin müəyyən edilməsi, vahid koordinasiyanın təmin olunması, sürətli hüquqi və institusional islahatlar, eləcə də maliyyə dəstəyi digər istiqamətlərdə də oxşar uğurların əldə edilməsini mümkün edir.
Osman Gündüz əlavə edib ki, kibertəhlükəsizlik kimi mürəkkəb sahədə qısa müddətdə əldə olunan nəticələr göstərir ki, düzgün idarəetmə və siyasi iradə olduqda böyük nailiyyətlərə çatmaq tam realdır.
Vural









