Kiçik bir xatirə - Asif Rüstəmli yazır...
Xalq artisti Rasim Balayevin əziz xatirəsinə
On üç il bundan əvvəl – 2013-cü ildə müqtədir kino sənətkarımız, Azərbaycanın xalq artisti Rasim Balayevin 65 illiyi münasibətilə yazılmış və nəfis şəkildə nəşr edilmiş bir kitabın redaktoru idim. Müəlliflə kitabın təqdimat mərasiminin keçiriləcəyi məkan barədə məsləhətləşdik. Məlum oldu ki, tədbirlə bağlı təmənnasız yer tapmaq müşkül məsələdir. Amma həmişə elmimizə, mədəniyyətimizə xidmət edən tədbirlərə AMEA-nın öz qapılarını geniş və təmənnasız açmasının dəfələrlə şahidi olmuşduq. Mən kitab təqdimatını Akademiyada keçirməyi təklif etdim. Maraqlı tərəflər razılaşdılar. O vaxt tədbirin tələblərinə cavab verən ən müasir, səliqəli, yeni təmir olunmuş yer AMEA Coğrafiya İnstitutunun Konfrans zalı idi. İnstitutun direktoru, akademik, Dövlət mükafatı laureatı Ramiz Məmmədovla görüşüb danışdıq. O məmnunluqla kitab təqdimatının Coğrafiya İnstitutunun Konfrans zalında keçirilməsinə icazə verdi. Beləliklə, tədbirin başlamasına bir neçə dəqiqə qalmış görkəmli sənətkarlarımız Rasim Balayevi və Ramiz Rövşəni Akademiyanın VIII qatında, dəhlizdə qarşıladım.
Rasim müəllimin mənə ilk sözü bu oldu:
– Asif müəllim, mənə aydın deyil, bu tədbir niyə məhz Akademiyada? Və niyə məhz Coğrafiya İnstitutunda?!
Mən gülərək qısa cavab verdim:
– Rasim müəllim, çünki Sizin yaradıcılığınız akademik səviyyədədir və coğrafi arealı isə çox genişdir…
Cavabın əlüstü verilməsinə və ritorik olmasına baxmayaraq, Rasim müəllim dərinə getmədi…
Ruhu şad, məkanı cənnət olsun…









