Kiçik Qaladərəsi kəndinə ilk köç olub
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Proqram çərçivəsində iyulun 8-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə ilk köç olub.
ERAmedia xəbər verir ki, ilkin mərhələdə kəndə 51 nəfərdən ibarət 15 ailə köçürülüb. Kiçik Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Köç karvanı ilə kəndə çatan ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Rəsmi şəxslər sakinləri təbrik edərək, kənddə infrastrukturun qurulduğunu və əhalinin dayanıqlı məskunlaşması üçün bütün zəruri addımların atıldığını vurğulayıblar.
Doğma yurda qayıdışın sevincini yaşayan Şuşa sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.










