Kimlər dövlət qulluğu vəzifəsini tuta bilməz
Din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcək.
ERAmedia xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – Dövlət Qulluğu Məcəlləsi layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.
Qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
– onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
– məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
– bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
– qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
Layihəyə əsasən, aşağıdakı şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməzlər:
– digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
– fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
– siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
– qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımı şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində);
– din xadimləri.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.










