media-2022_08_16_527257_isti

İnsan sağlamlığının qorunması və bərpasında təbii amillərdən istifadə minilliklər boyu müxtəlif xalqların müalicə təcrübəsinin ayrılmaz hissəsi olub. Burada insanların təsirindən kənar, təbiətə aid olan və ətraf mühitdə baş verən müxtəlif faktorlara əsaslanan amillər nəzərdə tutulur. Təbii amillər insanların yaşayış şəraitini, kənd təsərrüfatını, iqtisadiyyatı və hətta mədəniyyəti formalaşdıran əsas faktorlar arasındadır. Təbiətin 4 ünsürü də – hava, su, torpaq və od qədim dövrlərdən insanların sağlamlığına və müalicə proseslərinə təsir göstərən təbii amillər kimi qiymətləndirilib. Bu elementlərdən həm də müasir təbabətdə bəzən alternativ və ya tamamlayıcı müalicə metodları kimi istifadə olunur.

ERAmedia xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Sevinc İbadova söyləyib.

O qeyd edib ki, hər bir elementin müalicəvi təsiri fərqli şəkildə ortaya çıxır. Haqqında danışılan elementlər təbiətin müalicəvi gücünü bədənə və zehnə verməklə təbii sağlamlıq metodlarına dəstək verir. Metodların effektivliyi və təhlükəsizliyinin dəyişməsi səbəbindən müalicə üsuluna başlamazdan əvvəl mütəxəssislə məsləhətləşmək vacibdir. “Günəş işığına məruz qalmaq insan orqanizmi üçün faydalı olsa da, bu, düzgün və balanslı şəkildə edilməlidir. Günəş işığının sağlamlıq üçün bir neçə mühüm faydası var. Belə ki, dəridə D vitamini istehsalını stimullaşdırır, sümüklərin sağlamlığına müsbət təsir göstərir, həmçinin immun sistemini dəstəkləyir. Günəş işığı serotonin səviyyəsini artıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır və depressiya əlamətlərini azalda bilər. Bununla yanaşı, Günəş vannaları bəzi hallarda müəyyən insanlara əks təsir göstərir. Xüsusilə dəri xərçəngi və ya dəri iltihabı olan şəxslər Günəş işığına məruz qalmaqdan çəkinməlidirlər. Açıq çəhrayı dəri tonuna sahib olanlar Günəşin zərərli şüalarına daha həssasdırlar və onların günəş altında qalma müddəti məhdudlaşdırılmalıdır. Bəzi insanlarda günəş şüalarına qarşı allergik reaksiyalar inkişaf edə bilər ki, bu da qızartı və qaşınma kimi əlamətlərə səbəb olur”,- deyə fizioterapevt bildirib.


media-adspc

Bənzər xəbərlər