media-16886359102522439860_1200x630

Prezident İlham Əliyev rəqəmsal arxitektura mövzusundakı müşavirədə nazirliklərdə rəqəmsal sektora cavabdeh olan bir müavinin olmasının vacibliyini vurğulayıb.

ERAmedia xəbər verir ki, bu barədə danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, nazirliklərdə və əsas dövlət qurumlarında rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə xüsusi cavabdeh müavinlərin müəyyənləşdirilməsi bu sahələrin artıq texniki funksiya deyil, birbaşa rəhbərlik məsuliyyəti olduğunu göstərir.

O vurğulayıb ki, Prezident bu açıqlama ilə açıq mesaj verir.

“Rəqəmsal transformasiya sadəcə İT şöbələrinin və ya departamentlərin işi deyil. AI, data və kibertəhlükəsizlik qərarları idarə heyəti səviyyəsində qəbul olunmalı və konkret cavabdehi olmalıdır. Eyni zamanda bu addım uzun müddətdir hiss olunan koordinasiya probleminin də etirafıdır — “kim kiminlə işləyir, kim cavabdehdir?” sualına aydın cavab formalaşdırılır”, – deyə o qeyd edib.

O.Gündüz bu mövzuda 10-15 il əvvəl xeyli təkliflər verdiklərini xatırladıb:

“Nəinki dövlət qurumlarında konkret cavabdehlərin, həm də ali hakimiyyət səviyyəsində, Prezident , PA və ya NK səviyyəsində kordinasiyaedici qurumun formalaşdırılmasıyla bağlı təkliflər irəli sürmüşdük.

Dünya təcrübəsi də diqtə edir ki, AI layihələri struktur dəyişiklik tələb edir, data paylaşımı qurumlararası müqaviməti yaradır, proseslərin avtomatlaşdırılması isə insan faktoruna toxunur, kibertəhlükəsizlik kritik qərarlar tələb edir.

Nəhayət ki bu istiqamətdə real addımların atılması transformasiyanın daha sürətli gedəcəyinə inamı artırır.

Əlbəttə, risklər də var. Əgər bu funksiyalar formal şəkildə, bu sahədən xəbərsiz olan mövcud müavinlərdən birinə tapşırılsa, real səlahiyyət və büdcə verilməsə, Prezidentin irəli sürdüyü model işləməyəcək.
Amma düzgün icra olunsa, bu yanaşma dövlət idarəçiliyində AI tətbiqlərini sürətləndirə, mygov kimi vahid platformaya keçidi daha da sürətləndirə bilər”.

Onun sözlərinə görə, bu tapşırıq göstərir ki, rəqəmsallaşma artıq ayrıca layihə yox, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul olunur.

Kimlər rəqəmsal üzrə nazir müavini olmağa namizəddir?

Suala cavab verən mütəxəssis bildirib ki, bu sektorda 30 illik təcrübəsi əsasında bir anda ən azı 10 nazirlikdə layiqli və peşəkar şəxsin namizədliyi gözünün önündən keçib.

“Yəni hazırda, sektoru kordinasiya edən yetişmiş, etimad göstərilməyə layiq nazir müşavirləri, idarə rəisləri, rəqəmsal mərkəz rəhbərləri, “Chief Digital” officerlərimiz var ki potensial nazir müavinləri olaraq dərhal fəaliyyətə başlaya və ciddi irəliləyiş əldə edə bilərlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər