media-644cc7f6c6df5644cc7f6c6df61682753526644cc7f6c6df0644cc7f6c6df3

Aftandil İsrafilov (1941–2023) Azərbaycan ifaçılıq sənətində özünəməxsus üslubu və zəngin repertuarı ilə seçilən qarmon ustalarından biri kimi tanınırdı.

ERAmedia bildirir ki, onun yaradıcılığında yüzə yaxın rəqs və musiqi havası xüsusi yer tutur. “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə” və “Basqalı” kimi əsərlər uzun illərdir dinləyicilər tərəfindən sevilərək ifa olunur.

Sənətkar qarmon ifaçılığına ciddi yanaşır, bu aləti sadəcə musiqi vasitəsi deyil, həm də böyük məsuliyyət tələb edən sənət nümunəsi hesab edirdi. Onun fikrincə, ifaçı alətə hörmətlə yanaşmalı, səhnədə nümayişçilikdən uzaq durmalıdır. O, peşəkar ifanın yalnız texnika deyil, həm də mədəniyyət və zövq məsələsi olduğunu vurğulayırdı.

Aftandil İsrafilov musiqi ilə yanaşı, kino mühitində də özünü sınamışdı. Rejissor Rasim Ocaqovun “Ad günü” filmində ifa etdiyi “Nazilə” musiqisi ekran əsərinə xüsusi rəng qatmış və tamaşaçıların yaddaşında qalmışdı. Daha sonra Tahir və Cabir İmanov qardaşlarının dəvəti ilə “Məhəllə” filmində professor obrazını canlandırmışdı. Sənətçi bu təcrübəni sadə və təbii bir proses kimi xatırlayaraq çəkilişlərin çox rahat keçdiyini qeyd edirdi.

Onun həyatında sənət dostluğu xüsusi yer tuturdu. Müxtəlif illərdə Elşad Qarayevlə 48 il, Qüdrət Ağayevlə 30 il, Cəmaləddin Dadaşovla 40 il və Xalq artisti Sadiq Zərbəliyevlə 45 illik yaxın münasibətləri olub. Bu dostluqlar yalnız səhnə ilə məhdudlaşmayıb, həyatın bütün mərhələlərini əhatə edib.

Aftandil İsrafilovun bəstələdiyi “Basqalı” rəqsi də zamanla müxtəlif interpretasiyalara məruz qalıb. O, bu əsərin dostu Müseyibin xatirəsinə həsr edildiyini bildirirdi. Sənətçi bəzi hallarda əsərin başqa adlarla təqdim olunmasına münasibət bildirərək bu vəziyyəti qəbul etmədiyini açıq şəkildə ifadə edirdi.

Verilişlərin birində ona “kimlə söhbət etmək istərdiniz?” sualı ünvanlananda o, yazıçı Çingiz Abdullayevi görmək və onunla fikir mübadiləsi aparmaq istədiyini demişdi. Bu seçim onun ədəbiyyata və intellektual söhbətlərə marağını göstərirdi.

Xalq artisti Ramiz Quliyevin xatirələrinə görə, Aftandil İsrafilov həyatı çox sevən, ölüm mövzusundan uzaq duran bir insan idi. O, yas mərasimlərinə qatılmağı sevmir, insan itkisini qəbul etməkdə çətinlik çəkdiyini gizlətmirdi. Bu xüsusiyyət onun həssas və emosional xarakterindən xəbər verirdi.

Aftandil İsrafilovun yaradıcılığı bu gün də Azərbaycan musiqi mədəniyyətində yaşayır. Onun ifa etdiyi melodiyalar və formalaşdırdığı üslub qarmon sənətində yeni nəsillər üçün örnək olaraq qalır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər