Kipr üzərindən genişlənən hərbi xətt: Yeni regional düzən formalaşır
Şərqi Aralıq dənizi regionunda hərbi və geosiyasi aktivliyin artması diqqət çəkir.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, İsrail və ABŞ Kipr mərkəzli hərbi quruluşu şimala doğru sistemli şəkildə genişləndirir.
Onun sözlərinə görə, “enerji təhlükəsizliyi” və “əməkdaşlıq” kimi ifadələr reallığı tam əks etdirmir: “Bu ritorika sahədəki real hərbi sıxlığı gizlətmək üçün istifadə olunur. Əslində isə burada planlı və uzunmüddətli yerləşmə prosesi gedir”.
Ekspert vurğulayıb ki, Kipr məsələsi zahirdə göründüyündən daha mürəkkəbdir. Ada hüquqi qeyri-müəyyənlik, siyasi həssaslıq və beynəlxalq statusunun verdiyi elastiklik səbəbindən xarici güclər üçün əlverişli platformaya çevrilib. O qeyd edib ki, rəsmi razılaşmalarla yanaşı, ictimaiyyətə açıqlanmayan hərbi və kəşfiyyat təmasları da mövcuddur.
Eylem Okumuş hesab edir ki, enerji sahələrinin qorunması iddiası əsas məqsədi ört-basdır edir: “Burada əsas hədəf dənizaltı müşahidə sistemləri qurmaq, elektron dinləmə infrastrukturu yaratmaq və regiondakı hərəkətliliyi izləməkdir. Kipr bu baxımdan mərkəzi nöqtəyə çevrilir”.
Onun fikrincə, qurulan struktur artıq klassik hərbi baza anlayışından fərqlənir. “Daimi baza görüntüsü verilmədən, rotasiya olunan qüvvələr, ortaq təlimlər və texnoloji yatırımlar vasitəsilə davamlılıq təmin edilir. Bu, aşağı profil altında uzunmüddətli mövcudluq strategiyasıdır”, – deyə o əlavə edib.
Kəşfiyyat aspektinə də toxunan ekspert bildirib ki, Kipr coğrafi mövqeyinə görə Yaxın Şərq, Şimali Afrika və Şərqi Aralıq dənizini eyni vaxtda izləməyə imkan verir. Bu isə yalnız hərbi deyil, həm də siyasi və iqtisadi proseslərin nəzarətdə saxlanmasına şərait yaradır.
Eylem Okumuşun sözlərinə görə, bu proseslər nəticəsində ada müstəqil aktor olmaqdan uzaqlaşaraq irəli müşahidə və müdaxilə platformasına çevrilir: “Təhlükəsizlik adı altında atılan addımlar əslində asılılığı artırır və Kipri istifadə olunan məkana çevirir”.
Ekspert əlavə edib ki, oxşar hərbi aktivlik Egey dənizi xəttində də müşahidə olunur. Artan təlimlər, genişlənən baza istifadəsi və fasiləsiz hərəkətlilik regionun hərbi-logistik zəncirin kritik hissəsinə çevrildiyini göstərir.
Trakya bölgəsindəki inkişaflara da diqqət çəkən Okumuş bildirib ki, Türkiyə sərhədlərinə yaxın ərazilərdə hərbi infrastrukturun genişləndirilməsi müdafiə məqsədi ilə izah edilə bilməz: “Burada daha çox təzyiq və təsir yaratmaq niyyəti ön plana çıxır”.
Onun qənaətinə görə, ABŞ Şərqi Aralıq dənizindən başlayaraq Egey və Trakya xəttinə qədər uzanan geniş nəzarət sahəsi formalaşdırmağa çalışır və hərbi gücü siyasi təsir alətinə çevirir.
İsrailin yanaşmasını da dəyərləndirən ekspert qeyd edib ki, bu ölkə təhlükəsizlik sərhədlərini genişləndirərək risk sahəsini xaricə daşıyır: “Problemləri lokal həll etmək əvəzinə coğrafiyanı genişləndirərək idarə etməyə çalışır ki, bu da gərginliyi azaltmır, əksinə artırır”.
Sonda Eylem Okumuş xəbərdarlıq edib ki, regionda formalaşan bu hərbi xətt sabitlik deyil, risk yaradır: “Belə yüksək intensivlik şəraitində kiçik bir insidentin böyük böhrana çevrilmə ehtimalı kifayət qədər yüksəkdir. Bu quruluş müdafiə deyil, daha çox təzyiq mexanizmi kimi işləyir”.










