“Kişi sözü” filminin çəkilişi ilə bağlı maraqlı DETALLAR
Azərbaycan kinosunun klassik nümunələrindən biri olan “Kişi sözü” filminin çəkiliş prosesi ilə bağlı maraqlı detallar ortaya çıxıb.
ERAmedia xəbər verir ki, “Kişi sözü” filminin rejissoru Cahangir Mehdiyev çəkiliş zamanı baş verən hadisələrdən, improvizasiyalardan və yaradıcı prosesin gedişindən danışıb.
Rejissorun sözlərinə görə, film həm dövründə, həm də bu gün aktual olan “söz və əməl” problemi üzərində qurulub və bu mövzu hər zaman yenidən işlənə biləcək qədər realdır. O, ideyanın yazıçı İsi Məlikzadə ilə tanışlıqdan sonra formalaşdığını və çəkilişlərin əsasən Bakı (köhnə Əhmədli qəsəbəsi) və Şamaxının Çuxuryurd kəndində aparıldığını bildirib.
Mehdiyev qeyd edib ki, bütün səhnələr natura və interyerdə çəkilib, pavilyon istifadə olunmayıb. Onun sözlərinə görə, bu seçim filmin daha təbii və real alınmasına xidmət edib və çəkilən materialın demək olar ki, hamısı montajsız şəkildə ekrana gedib.
Rejissor filmdə bir sıra epizodların əvvəlcədən ssenaridə olmadığını, çəkiliş zamanı yaranan improvizasiyalar hesabına formalaşdığını deyib. Qəfil baş verən epizodlar, təsadüfi hərəkətlər və aktyor reaksiyaları sonradan filmin yadda qalan səhnələrinə çevrilib.
Baş rollardan birini canlandıran Sənubər İsgəndərlinin o dövrdə tələbə olduğunu xatırladan Mehdiyev onun ilk işi olmasına baxmayaraq peşəkarlıq göstərdiyini və çəkiliş prosesinə tez uyğunlaşdığını bildirib.
Rejissor həmçinin çəkilişlərdə istifadə olunan maraqlı üsullardan da danışıb: bəzi səhnələrdə texniki çətinliklər səbəbindən alternativ həll yollarına müraciət olunub, hətta hava şəraitinin uyğun gəlmədiyi hallarda yanğınsöndürənlərin köməyindən istifadə edilib.
Onun sözlərinə görə, filmdə uşaqların iştirakı da xüsusi əhəmiyyət daşıyıb. Çəkilişlərə rejissorun oğlu və yerli kənd uşaqları cəlb olunub, onlardan bəziləri sonradan musiqiçi kimi tanınıb.
Mehdiyev “Kişi sözü”ndə ən yadda qalan məqamlardan birinin Qasım obrazının müxtəlif improvizasiya səhnələri olduğunu bildirib. O, bəzi epizodların planlaşdırılmadan çəkildiyini, hətta texniki səhvlərin belə filmin təbii axarına uyğunlaşdırılaraq saxlandığını vurğulayıb.
Rejissor həmçinin Şamaxıda baş tutan son səhnənin çəkilişində yaşanan çətinliklərdən, dekorların suyun aparması və təsadüfi yıxılmaların belə sonradan filmin emosional təsirini gücləndirdiyini qeyd edib.
Onun fikrincə, “Kişi sözü”nün əsas ideyası insanın dediyi sözə sadiqliyi və həyatın davamlı axarıdır. Filmin finalında göstərilən səhnə də məhz bu fəlsəfi fikri simvolizə edir.
Əlihüseyn Salam









