media-videoedited
media-277066
media-shehidler_olmez_baner_full

Bu yaxınlarda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Sərgi xarici qonaqları, hökumət rəsmilərini, yazıçıları, oxucuları və kitabsevərləri bir araya topladı. Tədbirin məqsədi oxu mədəniyyətini inkişaf etdirmək, yeni nəşrləri tanıtmaq və müəlliflərlə oxucular arasında birbaşa ünsiyyət qurmaq idi.

Sərgilərin kitabların təbliğində rolu barədə fikirlərini bu dəfə ERAmedia-ya filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi Qaragözova Elnarə paylaşıb.

media-2

Bəşəriyyətin, cəmiyyətin mədəniyyətin indiki inkişaf dövründə postmodern-metamodern reallığa uyğun olaraq şou, kütləvilik, populizm elitar mədəniyyət və klassik ədəbiyyatdan daha çox önə çıxır və kitab oxuma mədəniyyəti də arxa plana doğru irəliləyir. Bu baxımdan ədəbiyyatın, bizim üçün isə məhz milli ədəbiyyatın təbliği gündəmdədir. Dövlətimiz, ziyalılarımız kitabın, elmin,ədəbiyyatın təbliği üçün müxtəlif layihələr həyata keçirir. Bu layihələr mədəniyyətimizin, ədəbiyyatımızın rəngarəngliyinin, milli özünəməxsusluğunun dünyaya çatdırılmasına, milli irsimizin dünya mədəniyyəti kontekstində yerinin müəyyənləşdirilməsinə xidmət edir. Bir ədəbiyyatşünas kimi bədii ədəbiyyatın təbliği məsələsinə xüsusi diqqət yetirmək istəyirəm. Bu gün ən çox müzakirə olunan məsələrdən biri ədəbiyyatımızın dünya kontekstində təbliği nüanslarıdır. Hal-hazırda bu xarici dillərdə müyyən almanaxların nəşri, müəlliflərin fərdi kitablarının çapı, xarci mediada müsahibələr və topluların təqdimatları ilə həyata keçirilir. Lakin ölkədaxilində də ədəbiyyatın, kitabın təbliğinə də xüsusi diqqət yetirmək lazımdır. Hal-hazırda bu təbliğat daha çox kitab çapı, ədəbi orqanlarda araşdırma yazıları, təqdimat, sərgi kimi klassik üsullarla təmin edilir. Lakin bugünkü süni intellekt, sosial şəbəkələrin tüğyanı, daha dəqiq desək populyar kütləvi təsir-təbliğ-şou kontekstində bu klassik üsullar tam effektiv deyil. Bədii ədəbiyyat bu gün şouya uduzur, çünki bədii ədəbiyyat daha çox düşüncə tələb edən məşğuliyyətdir, bədii kitab oxumaq insandan zaman, müəyyən təfəkkür, düşüncə tərzi tələb edir. Lakin hal hazırda oxucunun şüuruna kütləvi populyar sosial medianın təsiri daha çoxdur. Müasir dövrün insanı 3-5 dəqiqəlik video- izahı 3-5 səhifəlik yazıdan üstün tutur. Çünki dövr mütəhərriklik tələb edir. Bu gün sosial şəbəkələrdə də ciddi araşdırma yazılar yox, daha çox populizm, səs-küy gətirən məqamlar, gurultulu, baxışa hesablanmış statuslar daha çox layk, baxış toplayır. Kitabın ədəbiyyatın təbliğini müasir dövrün kontekstinə uyğunlaşdırmaq lazımdır. Çünki klassik üslubda edilən təqdimatlar məhdud əhatəyə hesablanır, yaxud hər hansı bir əsər haqqında araşdırma ümumi oxucular yox, daha çox akademik və ədəbi mühit üçün maraq doğurur. Amma bu gün bizim ehtiyacımız olan əsas məqam məhz bədii ədəbiyyatın oxunmasıdır. Fikrimcə bunu dövrün sürətinə, tələbinə uyğun şəkildə bookblogger şəbəkəsini yaratmaqla nail olmaq olar. Çünki müasir dövrün insanı qısa video-reelslərə, cəzbedici şəkillərə daha çox meyillidir. Bugünün oxucusu hansısa kitab haqqında 1 səhifəlik məqalə oxumaqdansa qısa, 3 dəqiqəlik video-rilsə baxmağa daha çox üstünlük verir. Bu baxımdan Azərbaycan ədəbiyyatının həm lokal, həm də dünyəvi kontekstdə təbliği üçün fikrimcə kitabı potenisal oxucuya cazibəli bir formada, cəmiyyətin sadə fərdinin düşüncə tərzinə uyğun şəkildə, lakin estetik-etik məqamları nəzərə almağa təqdim edilməsində kitab təbliğ edən bloggerlər – bookbloggerlər mühüm etap ola bilər. Sosial şəbəkələrdə bookblogger tərəfindən kitaba dair məlumatın, təqdimatın yayılma sürəti, əhatəsi daha çoxdur və daha çox insana xitab etmə imkanı yaranır. Bizdə bir neçə bookblogger var ki, meyarlara uyğun, çox maraqlı formatda müəyyən kitabların təbliğini həyata keçirirlər. Amma burada iki nüans var: 1. Bookbloggerlərimizin sayı çox azdır. 2. Bookbloggerlər daha çox xarici xarici ədəbiyyatı təbliğ edirlər. Fikrimcə kitaba marağı artırmaq üçün müasir dövrün tələbinə və ritminə uyğun olaraq yerli nəşriyyatlarla, müəlliflərlə bookbloggerlərin əlaqəsini yaratmaq və möhkəmləndirmək zəruridir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər