media-kitab-senaysi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında sərgi çərçivəsində təşkil olunan “Öz yazarını seç” onlayn səsverməsinə münasibət bildirib, Azərbaycanda kitab mədəniyyəti, elmi və elmi-populyar ədəbiyyatın təbliği ilə bağlı fikirlərini bölüşüb.

Etibar Əliyev qeyd edib ki, 35 ildən çoxdur kitabla maraqlanır, kitab mağazalarına mütəmadi baş çəkir və bu illər ərzində universal kitabxana formalaşdırıb.

Onun sözlərinə görə, kitab mağazalarında müxtəlif dillərdə nəşr olunan elmi və elmi-populyar kitablara maraq çox aşağı səviyyədədir. Azərbaycanda isə bu istiqamətlərdə yazılan və tərcümə olunan kitabların sayı olduqca məhduddur.

Ekspert bildirib ki, “Bakı Kitab Mərkəzi” və “Əli və Nino” kitab mağazalarında elmi-populyar ədəbiyyata kifayət qədər diqqət ayrılmır.

O vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində keçirilən kitab sərgilərində elmi və elmi-populyar mövzulu nəşrlərin təbliğinə xüsusi önəm verilir. Azərbaycanda isə kitab dedikdə, ilk növbədə, yazıçı və şairlərin əsərləri yada düşür.

Etibar Əliyevin fikrincə, kitab mağazalarında detektiv janrına aid əsərlərin ön plana çıxarılması da diqqət çəkən məqamlardandır. O qeyd edib ki, “Bakı Kitab Mərkəzi”ndə və “Libraff”da Çingiz Abdullayev və Elxan Elatlının kitabları üçün böyük stollar ayrılıb və mağazaya daxil olanlar ilk növbədə həmin nəşrlərlə qarşılaşırlar.

Ekspert sərginin ilk günündə kitablarla şəkil çəkdirən çoxsaylı insanları müşahidə etdiyini də bildirib. Onun qənaətinə görə, bu insanların əksəriyyəti kitab mağazalarına mütəmadi baş çəkməyən şəxslərdir.

O, vaxtilə böyük alimlərin, yazıçıların, şairlərin və incəsənət xadimlərinin topladıqları şəxsi kitabxanaların taleyindən də narahatlığını ifadə edib. Ekspertin sözlərinə görə, həmin kitabxanaların bir çoxu lazımi qaydada qorunmayıb, hətta zibilliyə atılıb.

Etibar Əliyev rusdilli insanların kitaba marağının bu gün də diqqət çəkdiyini qeyd edərək, cəmiyyətdə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O, universitetlərdə “Mütaliə klubları”nın yaradılmasını təklif etdiyini, lakin bu təşəbbüsə lazımi diqqət göstərilmədiyini bildirib. Ekspert hesab edir ki, yuxarı sinif şagirdlərinə və tələbələrə faydalı kitabları seçməyi və mütaliə etməyi öyrətmək lazımdır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər