media-1632296602hibrid_savas_385786876

Müharibələrin fəlsəfəsi artıq kökündən dəyişib. Keçmişin müharibələrində qələbə düsturu kütləvi gücə, tükənməz resursa və fiziki üstünlüyə dayanırdısa, bu gün mənzərə tamamilə fərqlidir. İndi hədəf düşməni fiziki olaraq tamamilə yox etmək deyil, onun “beynini” — komanda mərkəzlərini, rabitəsini və logistikasını iflic etməkdir. Bir “ağıllı” raket onlarla qeyri-dəqiq top mərmisini əvəz edir.

Əvvəllər müharibənin konkret ünvanı vardı: səngər, cəbhə xətti, neytral zona. İndi isə müharibə hər yerdədir: kiber-məkan, maliyyə bazarları, informasiya axını və geoməkan (GEOINT). Artıq “arxa cəbhə” anlayışı yoxdur; bir proqramçının yazdığı kod minlərlə kilometr uzaqdakı bir elektrik stansiyasını sıradan çıxara bilər. Bu, müharibəni xətti olmayan və hər an davam edən bir prosesə çevirir.

Azərbaycanın 44 günlük müharibəsi 2020-ci il üçün müasir savaşın ən uğurlu nümunəsi idi. Çünki bu müharibə həm klassik (səngər, tank, artilleriya), həm yüksək texnoloji asimmetriya (PUA-lar), həm də güclü informasiya və diplomatiya cəbhəsindən eyni anda istifadə edilən bir hibrid model idi. Rusiya–Ukrayna müharibəsinin ilk dövrləri isə rusların kütləvi tank və artilleriya hücumları ilə köhnə fəlsəfənin bariz nümunəsi kimi yadda qaldı. Ancaq dronların gücünü qəbul etməyən klassik düşüncəli rus generalları ağır itkilərdən sonra asimmetrik və hibrid metodlara keçmək məcburiyyətində qaldılar.

Asimmetrik yanaşmada güclər bərabər olmur; burada kiçik tərəf böyük gücün üstünlüklərini ona qarşı silaha çevirir. Bunun ən aydın nümunəsini İranın minlərlə ucuz dronla İsrailin milyonlarla dollarlıq HHM sistemlərini “yormasında” görürük. Bahalı bir raketi (məsələn, Arrow və ya Patriot) ucuz dronu vurmağa məcbur etmək iqtisadi asimmetriya yaradır. Bu döyüşlərdə ən vacib amil “görünməzlik”dir. Ancaq geoməkan kəşfiyyatı (GEOINT) inkişaf etdikcə gizlənmək çətinləşir və tərəflər daha mürəkkəb taktikalar seçməli olur.

Hibrid müharibə isə hərbi, kiber və informasiya metodlarının vahid mərkəzdən idarə olunan “kokteyli”dir. Burada “sülh” və “müharibə” arasındakı sərhəd itir; fəlsəfə rəqibi daxildən sarsıtmaq və qələbəni döyüş meydanından kənarda qazanmaqdır. ABŞ-ın İrana qarşı apardığı mübarizə məhz bu cür asimmetrik və hibrid xarakter daşıyır. Ancaq İranın da buna hazır olması faktiki olaraq ABŞ-ni çətin vəziyyətə salıb.

Müharibələrlə paralel kəşfiyyat anlayışı da transformasiyaya uğrayıb. Hətta deyərdim ki, müharibələrin fəlsəfəsinin dəyişməsinin səbəbi məhz kəşfiyyat anlayışının dəyişməsi ilə bağlıdır. Əvvəllər kəşfiyyat məlumatının analizi günlər çəkirdisə, indi sensorlar və süni intellekt sayəsində “aşkar etmə” ilə “məhv etmə” arasındakı vaxt saniyələrə enib. Hərbi terminologiyada buna “Kill Chain” (məhv etmə zənciri) deyilir. Artıq sürət hər şeydir; kim tez qərar verirsə, o qalib gəlir.

Bu dəyişikliyin ana hərəkətverici qüvvəsi isə geoməkan kəşfiyyatıdır (GEOINT). O, müharibənin ən qədim fəlsəfəsini — “sürpriz hücum” elementini sarsıdıb. Sun Tzu “müharibə aldatma sənətidir” deyirdi, amma peyklərin 24/7 izlədiyi dünyada gizli yerdəyişmə demək olar ki, mümkünsüzdür. İndi fəlsəfə “gizlənmək” deyil, “görünsən belə, toxunulmaz olmaq” (manevr və REM vasitələri) üzərinə keçib.

GEOINT sadəcə xəritə deyil, peyk görüntülərinin, sensorların və süni intellektin sintezidir. O, proqnozlaşdırma üçün də həlledicidir. Məsələn, İranın bunkerlər tikərək GEOINT-dən yayınmağa çalışması buna bir reaksiyadır. Ancaq müasir radarlar (SAR) və termal sensorlar torpağın altındakı temperatur fərqlərini belə aşkar edərək bunkerin konturlarını cıza bilir. Süni intellekt illər boyu yığılmış arxiv görüntülərini müqayisə edərək yer səthindəki millimetrik dəyişiklikləri və vibrasiyaları tapır. GEOINT-dən tam yayınmaq mümkün deyil, lakin onu aldatmaq (inşaatı mülki obyekt kimi göstərmək, saxta koordinatlar yaratmaq) mümkündür.

Geoməkan kəşfiyyatı artıq təkcə “nə var?” sualına deyil, həm də “burada nə gizlədilə bilər?” sualına cavab tapır.

Müasir müharibə fəlsəfəsi artıq sadəcə bayraq sancmaqdan ibarət deyil; bu, reallığı kimin hansı prizmadan görməsi və kimin informasiya üstünlüyünü sona qədər saxlaması mübarizəsidir.

Azərbaycan 44 günlük müharibədə sübut etdi ki, geoməkan kəşfiyyatı yalnız böyük dövlətlərin imtiyazı deyil; texnoloji resursları düzgün idarə edən hər bir dövlət döyüş meydanını rəqəmsal müstəviyə köçürərək üstünlük qazana bilər.

Səxavət Məmməd


media-adspc

Bənzər xəbərlər