media-c5bc5d33-5191-4de3-a2ce-10722dfb951e

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova beynəlxalq arenada ölkəmizin adını ucaldan gənc istedad Mirnicat Hüseynovla görüşüb.

ERAmedia xəbər verir ki, Hicran Hüseynova Mirnicatla ilk tanışlığın onda xoş və dərin təəssüratlar yaratdığını bildirib. O qeyd edib ki, qarşısında gənc yaşına baxmayaraq böyük hədəfləri olan, yüksək intellekti, savadı və istedadı ilə seçilən bir məktəbli görüb.

Komitə sədri Mirnicatı qazandığı möhtəşəm uğurlar münasibətilə şəxsən təbrik etdiyini, ona gələcək fəaliyyətində yeni-yeni zirvələr arzuladığını vurğulayıb.

Hicran Hüseynova daha sonra Mirnicatın uğur yoluna da toxunub. Bildirilib ki, Mirnicat 4 mart 2010-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 9 illik təhsilini M. Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində alıb və həmin illərdən etibarən yüksək intellekti ilə seçilib.

Qeyd olunub ki, Mirnicat məktəb illərində Beynəlxalq Copernic Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb, şahmat üzrə 3-cü dərəcəyə yiyələnib, Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə qədər yüksələrək çoxşaxəli istedadını nümayiş etdirib.

Açıqlamada vurğulanıb ki, o, 9-cu sinif buraxılış imtahanında 257 bal toplayaraq məktəbi fərqlənmə attestatı ilə başa vurub. Hazırda isə təhsilini 10-cu sinifdən etibarən 37 nömrəli məktəbdə davam etdirir.

Komitə sədri Mirnicatın ən böyük uğurlarından birinin Londonda keçirilən, dünyanın 75 ölkəsindən 300-ə yaxın şagirdin iştirak etdiyi nüfuzlu “Teeneagle” Beynəlxalq İngilis Dili Olimpiadasında əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Mirnicat olimpiadanın ən çətin mərhələlərindən hesab olunan “Spelling” nominasiyası üzrə bütün rəqiblərini geridə qoyaraq dünya birincisi adına layiq görülüb.

Bununla yanaşı, o, “Spelling” və “Knowledge Quiz” mərhələlərində qızıl, “Writing” və “Speaking” mərhələlərində isə gümüş medal qazanaraq Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edib.

Sonda Hicran Hüseynova belə istedadlı gənclərin ölkənin gələcəyinə inamı daha da möhkəmləndirdiyini bildirib, Mirnicatın bu uğurlarında böyük əməyi olan valideynlərinə və məktəbin pedaqoji kollektivinə təşəkkürünü ifadə edib.


media-adspc

Bənzər xəbərlər