Komitə sədri “On iki Həvari Kvorumu”nun üzvü ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar ilə görüşüb.
ERAmedia-nın məlumatına görə Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkəmizdə dini icmalara davamlı olaraq maddi və mənəvi dəstək göstərilir. İşğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir. Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunması, eləcə də təşviqidir. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan açılış mərasiminə dəvət edib.
Deyvid Bednar Azərbaycanın sülh quruculuğu və dinlərarası dialoq prosesindəki roluna toxunaraq, ölkəmizdə təkcə ənənəvi dinlərin yox, onların müxtəlif qollarının mənsublarına da sərbəst şəkildə ibadət etmək imkanının yaradılmasını yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, Azərbaycanda dini konfessiyalara münasibət, tarixi-dini abidələrin bərpasına göstərilən xüsusi diqqət, dinlərarası dialoq mövzusunda təşkil olunan beynəlxalq konfranslar dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını nümayiş etdirir.
Kilsənin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardın da iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri, beynəlxalq platformalarda Azərbaycanın multikulturlaizm və tolerantlıq ənənələrinin təbliği barədə fikir mübadiləsi aparılıb.