media-07498e462f21770e5c56680fcf674096

İsti yay günlərində sərinləmək üçün evdə və ofisdə kondisionerdən istifadə edirik. Ancaq əksəriyyətimiz bu cihazların vaxtında təmizlənmədikdə yarada biləcəyi təhlükələrdən xəbərsizik.

ERAmedia xəbər verir ki, Baku TV-nin məlumatına görə, mütəxəssislər bildirirlər ki, vaxtında təmizlənməyən kondisionerlərdə təhlükəli bakteriyalar yaranır. Bu isə ağciyər infeksiyasına səbəb ola bilər.

 

 

Kondisioner ustası Rəşad Məhərrəmov deyir ki, ev şəraitində istifadəçilərin edə biləcəyi əsas iş yalnız filtrləri çıxarıb su və fırça ilə yumaqdır:

“Bundan başqa görülən işlər yalnız ustalara aiddir. Çox adam eşidir ki, kondisioner spreylə yuyulur. Elə bilirlər ki, bunu özləri etməlidirlər. Xeyr, belə deyil. Kondisioner yeni alındıqdan üç il sonra hər il yuyulmalıdır. Əgər ev səliqəlidirsə, tozlu deyilsə, kondisionerin çirklənməsi gecikir. Çirklənmə əsasən evin içindəki tozla bağlı olur. Təmizlənmədikdə kondisioner sıradan çıxmır, sadəcə, sərinlik zəifləyir”.

Həkimlər isə bildirirlər ki, vaxtında təmizlənməyən kondisionerlər xüsusilə uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün risklidir. “Bu zaman asqırma, öskürmə, boğaz quruluğu, göz qıcıqlanması kimi hallar baş verə bilər. Yay aylarında tənəffüs yolları ilə bağlı şikayətlər artır, allergik problemlər çoxalır. Kif göbələklərinin sporları tənəffüs yollarına daxil olduqda immun sistemi həssas olan insanlarda iltihabi reaksiyalar yarada bilər”, – deyə həkim Abbas Bağırov bildirib.

Belə problemlərlə üzləşməmək üçün kondisioneri ildə azı bir dəfə təmizlətmək tövsiyə olunur. Mütəxəssislər isə bunun altı aydan bir edilməsini daha məqsədəuyğun hesab edirlər.


media-adspc

Bənzər xəbərlər