media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

Ermənistan hökumətinin yeni Konstitusiya layihəsini ilin sonunadək ictimai müzakirəyə çıxarmaq niyyətində olmasına baxmayaraq, hələlik bu istiqamətdə konkret addım görünmür.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, Paşinyan hökumətinin Konstitusiya məsələsində tərəddüdü həm daxili siyasi amillər, həm də xarici təzyiqlərlə bağlıdır.

Onun sözlərinə görə, yeni Konstitusiya layihəsinin dərc olunması və ictimai müzakirələrin başlanması Ermənistan hökumətinin mövqeyini şifahi bəyanatlar əsasında deyil, konkret hüquqi mətn üzərindən qiymətləndirməyə imkan verərdi.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, hökumətin bu məsələdə tələsməməsinin əsas səbəblərindən biri yeni Konstitusiyanın qəbulunun zəruriliyini Ermənistan cəmiyyətinə əsaslandırmaq problemidir. Rusiyayönümlü müxalifət Konstitusiya dəyişikliyi təşəbbüsünün Azərbaycanın təzyiqləri altında irəli sürüldüyünü iddia edir və bunu Ermənistan dövlətçiliyi üçün təhlükə kimi təqdim edir.

Ekspertin fikrincə, Paşinyan hökuməti isə təşəbbüsü ölkənin öz dövlətçilik və idarəçilik ehtiyaclarından irəli gələn proses kimi göstərməyə çalışır. Hökumətin məqsədi Konstitusiya dəyişikliyinin xarici tələblərə tabe olmaq kimi qəbul edilməsinin qarşısını almaqdır.

Lakin Əlibəylinin qənaətinə görə, Ermənistanın daxili auditoriyasına ünvanlanan bu izah Azərbaycan üçün yetərli təminat yaratmır. Azərbaycanı ilk növbədə yeni Konstitusiyanın hansı hüquqi nəticələr doğuracağı və bu nəticələrin nə vaxt əldə olunacağı maraqlandırır.

O xatırladıb ki, Azərbaycanın mövqeyinə görə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddiaların hüquqi əsası kimi qiymətləndirilən müddəalar aradan qaldırılmalıdır. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin Bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan Ali Sovetinin qərarına istinad olunur.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Azərbaycan konkret hüquqi dəyişiklik tələb edir və bunu sülh sazişinin imzalanması ilə əlaqələndirir. Ermənistan tərəfinin hüquqi mövqeyi isə fərqlidir. Rəsmi İrəvan hesab edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü ildə qəbul etdiyi qərar mövcud Konstitusiyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olmadığını göstərir. Beləliklə, tərəflər mövcud hüquqi vəziyyəti fərqli qiymətləndirirlər.

Milli Məclisin sabiq deputatı hesab edir ki, Ermənistanın daxili siyasi vəziyyəti də Konstitusiya dəyişikliyi prosesini mürəkkəbləşdirir. Onun fikrincə, ölkədə revanşist qüvvələrin kifayət qədər güclü olması həm Konstitusiya dəyişikliyinə, həm də bütövlükdə sülh prosesinə maneə yarada bilər.

Əlibəyli qeyd edib ki, Paşinyan tərəfdarlarının parlamentdə çoxluğa malik olması Konstitusiya referendumunun təyin edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan səs çoxluğu daha geniş siyasi dəstək tələb edir. Buna görə də hökumət revanşist qüvvələrin təzyiqlərini və həmin qüvvələri dəstəkləyən cəmiyyət kəsiminin mövqeyini nəzərə almağa məcburdur.

Onun qənaətinə görə, Paşinyan hökumətinin tərəddüdünün digər səbəbi xarici amillərlə bağlıdır. Ermənistan böyük güclər arasında manevr siyasətini davam etdirir və regiondakı geosiyasi vəziyyətin gələcəkdə dəyişəcəyinə ümid edən dairələr ölkə daxilində də mövcuddur.

Ekspert Rusiyadan asılılığın davam etməsini, Moskvanın Ermənistan hakimiyyətinə təzyiqlərini və Zəngəzur dəhlizinə qarşı çıxan İranın mövqeyini qəti qərarların qəbulunu çətinləşdirən amillər sırasında göstərib.

Qulamhüseyn Əlibəylinin fikrincə, vaxtın uzadılması Ermənistan daxilində bəzi siyasi qüvvələrdə beynəlxalq şəraitin dəyişəcəyi, Azərbaycanın üzərində əlavə diplomatik təzyiq yaradılacağı və Konstitusiya dəyişikliyi həyata keçirilmədən sülh sazişinin imzalanmasının mümkün olacağı ilə bağlı ümidləri gücləndirə bilər.

O hesab edir ki, bu baxımdan sülh prosesini uzadaraq vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür.

Sülh sazişinin perspektivi Konstitusiya layihəsinin taleyindən asılıdır

Əlibəyli bildirib ki, Paşinyan hökumətinin qarşısında duran əsas çətinlik daxili siyasi legitimliyi qorumaqla yanaşı, xarici tərəflərin etimadını da təmin etməkdir. Buna görə də Konstitusiya dəyişikliyinin istiqaməti barədə bəyanatlar verilsə də, prosesin yekunlaşacağı vaxt hələ müəyyənləşməyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bunun həyata keçirilməsi proseduruna praktiki olaraq başlamağa tələsmir. Sülh sazişinin imzalanması perspektivi baxımından əsas qeyri-müəyyənlik də məhz bundan qaynaqlanır.

Milli Məclisin sabiq deputatı hesab edir ki, prosesin real mərhələyə keçdiyini göstərən əsas əlamətlər yeni Konstitusiya layihəsinin dərc olunması və onun qəbuluna aparan hüquqi yolun müəyyənləşdirilməsi olacaq.

Qulamhüseyn Əlibəylinin fikrincə, mövcud şəraitdə mümkün çıxış yollarından biri Paşinyan hökumətinin müxalifətlə razılığa gəlməsidir. Ermənistan qanunvericiliyinə əsasən, Konstitusiyaya dəyişiklik təşəbbüsü parlament deputatlarının azı üçdə biri, hökumət və ya ən azı 200 min seçici tərəfindən irəli sürülə bilər. Referendumun təyin edilməsi haqqında qərarın parlamentdə qəbul edilməsi üçün isə deputatların ümumi sayının azı üçdə ikisinin dəstəyi tələb olunur.

Ekspertin qənaətinə görə, müxalifətin böyük hissəsinin Rusiyayönümlü olması, Qarabağ məsələsində və sülh prosesində sərt mövqe tutması belə bir razılaşmanı çətinləşdirir. Bununla belə, yeni Konstitusiyanın yalnız preambulaya dəyişiklik kimi deyil, daha geniş islahat paketi şəklində təqdim olunması bəzi siyasi qüvvələrin dəstəyini qazanmağa imkan verə bilər.

Əlibəyli vurğulayıb ki, Ermənistanın yeni Konstitusiya layihəsinin açıqlanması və referendum prosedurunun konkretləşdirilməsi sülh prosesinin gələcək istiqamətini qiymətləndirmək baxımından mühüm göstərici olacaq. Hələlik isə layihənin nə vaxt ictimaiyyətə təqdim ediləcəyi və Konstitusiya dəyişikliyinin hansı müddətdə həyata keçiriləcəyi ilə bağlı qeyri-müəyyənlik qalır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər