media-1

Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məhsulları alarkən, ilk növbədə, onların təhlükəsizlik göstəricilərinə, mənşəyinə, tərkibinə və saxlanma şəraitinə diqqət yetirilməlidir.

ERAmedia xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov deyib.

Onun sözlərinə görə, kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğundan yanlış seçim və ya sağlamlıq üçün təhlükəli maddələrdən ibarət məhsulların istifadəsi ciddi allergik reaksiyalara və müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Bu baxımdan istehlakçılara kosmetik məhsul seçərkən onun gigiyenik sertifikatının mövcudluğunu və qüvvədə olma müddətini yoxlamaları tövsiyə olunur. “Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na daxil olan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsulları ölkəyə idxal edilərkən Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırmadan keçirilir. Yəni məhsulun qablaşdırılması bütöv olmalı, istehsal və son istifadə tarixləri aydın göstərilməlidir. Son istifadə tarixi silinən, dəyişdirilən və ya üzərinə əlavə etiket yapışdırılan məhsulların alınması məqsədəuyğun deyil. Eyni zamanda, qablaşdırmada açıldıqdan sonrakı istifadə müddətinə (PAO) də diqqət yetirilməlidir”.

Mütəxəssis qeyd edib ki, məhsulun tərkibi diqqətlə oxunmalı, fərdi həssaslıq yarada biləcək komponentlər nəzərə alınmalıdır. Xüsusilə “Methylparaben” və “Propylparaben” kimi qoruyucu maddələrin, eləcə də bəzi şampunlarda istifadə olunan kimyəvi komponentlərin minimum səviyyədə olmasına üstünlük verilməsi tövsiyə edilir. Ətir seçərkən isə allergiya və qızartıya səbəb ola biləcək maddələrdən çəkinmək lazımdır.

“Mənşəyi məlum olmayan, ucuz və saxta kosmetik məhsulların tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər. Bu cür maddələr uzunmüddətli istifadə zamanı orqanizmdə toplanaraq sağlamlıq riski yaradır. Buna görə kosmetik məhsullar yalnız etibarlı və rəsmi satış məntəqələrindən alınmalıdır. Məhsullar istehsalçının müəyyən etdiyi saxlanma şəraitində qorunmalı, güclü işıq və istilik mənbələrinin təsirindən uzaq saxlanılmalıdır. Əks halda, onların kimyəvi tərkibi dəyişə və keyfiyyəti vaxtından əvvəl pisləşə bilər”, – deyə mütəxəssis bildirib.


media-adspc

Bənzər xəbərlər