Kreml "axırıncı yol” tutduğunu nümayiş etdirir - AÇIQLAMA
Rəsmi Moskva bu dəfə “News Media” şirkətinin baş direktoru Aram Qabrelyanovun dili ilə danışdı: “Kreml mənbələrindən eksklüziv məlumat aldım. Qərar qəbul edilib. Paşinyan seçkilərdə qalib gələrsə, Ermənistana qaz bazar qiymətləri ilə veriləcək, Ermənistanla viza rejimi tətbiq olunacaq, Ermənistana hava nəqliyyat əlaqəsi dayandırılacaq, Ermənistanla əlaqəli bütün iş adamları Rusiyada biznes fəaliyyətini dayandıracaq, mövsümi işçilərin Rusiyada işləməsi və Ermənistana pul göndərilməsi qadağan ediləcək”.
ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov Ermənistanda parlament seçkiləri başlayana qədər müxtəlif etnik ermənilərin dili ilə oxşar bəyanatların intensiv səslənəcəyini deyir. Bu tip “vətən sevdalısı” olanların birinin Aram Qabrelyanovun olmasını təsadüf saymayan ekspert bildirir ki, Qabrelyanov keçmiş SSRİ-nin tərkibində olan dövlətlərə qarşı Rusiyanın apardığı təcavüzkar siyasəti dəstəkləyən, saxta xəbərlər və dezinformasiya yayan aqressiv təbliğat platformalarının sahibi olmaqla bərabər, “millətsevərliyi” harada seçmək məqamlarını gözəl bilən dələduzdur”.
Bu adamın vaxtilə Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın dəstəyi ilə işğal altında saxladığı Azərbaycan ərazilərində “müxtəlif layihələr” həyata keçirdiyini, xatırladan Firuz Novruzov, Aramın Ermənistan seçicilərinə müraciətlə Facebook səhifəsində yazdığı “Onda deməyin ki, mən sizi seçkilərdən iki ay əvvəl xəbərdar etməmişəm” fikirlərə bənzər “müraciətlərin” çox eşidiləcəyinə inandığını qeyd edib.
Ural Dəyirmançı










