media-49aad33f-12da-4916-9e45-136eb4c0f517

Rusiya prezidenti Vladimir Putinə yaxın çevrədə təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib.

ERAmedia xəbər verir ki, “CNN International”ın əldə etdiyi Avropa kəşfiyyat qurumlarından birinin hesabatına görə, yüksək rütbəli rus hərbi rəhbərlərinə qarşı son sui-qəsd dalğası və mümkün çevriliş ehtimalı Kreml daxilində ciddi narahatlıq yaradıb.

Hesabatda bildirilir ki, Putinin yaxın işçi heyətinin evlərinə müşahidə sistemləri quraşdırılıb. Rusiya lideri ilə işləyən aşpazlar, mühafizəçilər və fotoqraflara ictimai nəqliyyatdan istifadə qadağan olunub. Putini ziyarət etmək istəyən şəxslər iki mərhələli təhlükəsizlik yoxlamasından keçməlidir. Eyni zamanda, onun yaxın çevrəsində çalışanlara yalnız internetə çıxışı olmayan telefonlardan istifadə etməyə icazə verilir.
Bu tədbirlərin bir hissəsinin ötən ilin dekabrında yüksək rütbəli rus generalının öldürülməsindən sonra tətbiq edildiyi qeyd olunur. Həmin hadisənin Rusiyanın təhlükəsizlik strukturlarının yuxarı eşelonlarında ciddi fikir ayrılıqlarına səbəb olduğu bildirilir.

Hesabatda vurğulanır ki, Putin artıq müntəzəm ziyarət etdiyi məkanların sayını da əhəmiyyətli dərəcədə azaldıb. O və ailəsi əvvəl istifadə etdikləri Moskva ətrafındakı iqamətgahlara və ya Sankt-Peterburqla paytaxt arasında yerləşən Valdaydakı yay kompleksinə getmirlər.

Bundan əlavə, Putinin bu il ərzində heç bir hərbi obyektə səfər etmədiyi qeyd olunur. Halbuki 2025-ci ildə belə səfərlər mütəmadi xarakter daşıyırdı. Məhdudiyyətləri kompensasiya etmək üçün Kreml tərəfindən ictimaiyyətə əvvəlcədən çəkilmiş görüntülərin təqdim olunduğu bildirilir.

Hesabata görə, Ukrayna müharibəsi başlayandan bəri Putin tez-tez Moskva şəhərindən uzaqda, Qara dəniz sahilində yerləşən Krasnodar bölgəsində modernləşdirilmiş sığınacaqlarda həftələrlə qalır.

2026-cı ilin mart ayından etibarən Kreml və Putinin özü həssas məlumatların sızdırılması, eləcə də prezidentə qarşı mümkün sui-qəsd və ya çevriliş planlarından ciddi şəkildə ehtiyat edir. Xüsusilə, Rusiyanın siyasi elitası daxilindən gələ biləcək hücumlarda pilotsuz uçuş aparatlarının istifadəsi ehtimalı narahatlıq doğurur.

Hesabatda diqqət çəkən məqamlardan biri də keçmiş müdafiə naziri Sergey Şoygu ilə bağlıdır. Hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Şoyqunun ordu komandanlığı üzərində təsir imkanlarını qoruduğu üçün potensial çevriliş riski ilə əlaqələndirildiyi bildirilir.

Qeyd olunur ki, Putinin təhlükəsizliyi ilə bağlı bəzi tədbirlər daha əvvəl də gündəmə gəlmişdi. Bunlara ciddi yoxlamalar, Kremldə smartfonlardan istifadənin məhdudlaşdırılması və prezidentin hərəkət trayektoriyasının daraldılması daxildir.

Buna baxmayaraq, Putin vaxtaşırı ictimaiyyət qarşısına çıxır. Bu həftə o, Çeçenistan rəhbəri Ramzan Kadırov və İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

Yeni təhlükəsizlik tədbirlərinə dair məlumatlar Moskvanın 9 May – Qələbə Günü tədbirləri ilə bağlı dəyişiklikləri açıqladığı dövrə təsadüf edir. Bu il Qızıl meydanda keçiriləcək mərasimdə ağır texnika, zirehli maşınlar və raket sistemləri nümayiş etdirilməyəcək.

Vural


media-adspc

Bənzər xəbərlər