Kremlin Ermənistana seçki mesajı: İqtisadi rıçaqlar aktivləşir
Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyində qalmaqla bağlı bəyanatlarına baxmayaraq, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə təzyiqi davam etdirir.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Moskvanın “AİB və Aİ arasında seçim et” tələbində israr etməsi təkcə geosiyasi deyil, həm də Ermənistan daxilində seçkiqabağı proseslərə hesablanmış siyasi gedişdir.
Təhlilçi bildirib ki, Vladimir Putinin “iki ittifaqdan biri ilə bağlı referendum” təşəbbüsünü AİB-in Astana sammitində də gündəmə gətirməsi və bunun Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə çağırışına çevrilməsi Ermənistan üzərində təzyiqin koordinasiyalı xarakter daşıdığını göstərir. Nikol Paşinyan bu təklifi rədd etsə və Ermənistanın AİB-də qalacağını açıqlasa da, Moskva bunu yetərli hesab etmir.
Asif Nərimanlı qeyd edib ki, Kremlin əsas məqsədlərindən biri Ermənistan hakimiyyətini Brüssellə münasibətlərdə daha ehtiyatlı mövqe nümayiş etdirməyə məcbur etməkdir. Onun fikrincə, Paşinyanın son açıqlamalarında həm Avropa İttifaqına inteqrasiya niyyətini vurğulaması, həm də AİB-də qalacaqlarını bildirməsi məhz bu təzyiqin nəticəsi kimi qiymətləndirilə bilər.
Siyasi təhlilçinin sözlərinə görə, Moskvanın ikinci əsas hədəfi erməni ictimai rəyinə təsir göstərməkdir. O bildirib ki, Rusiya Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlər, qaz qiyməti və miqrantlara verilən güzəştlərlə bağlı xəbərdarlıqlar fonunda “AİB-dən uzaqlaşmanın iqtisadi nəticələri olacaq” mesajını cəmiyyətə çatdırmağa çalışır.
“Asif Nərimanlı hesab edir ki, bu, Rusiyanın Ermənistan üzərində ən təsirli rıçağını – iqtisadi alətləri – işə salması deməkdir. İrəvan təhlükəsizlik və siyasi müstəvidə Qərbdən müəyyən alternativ dəstək ala bilsə də, iqtisadi baxımdan qısa müddətdə Moskvanı əvəzləyəcək imkanlara malik deyil”, – deyə təhlilçi vurğulayıb.
O əlavə edib ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxış əldə olunana qədər Ermənistan iqtisadi baxımdan Rusiyadan ciddi şəkildə asılı qalacaq. Bu səbəbdən Moskva məhz indiki mərhələdə iqtisadi rıçaqlardan istifadə etməklə Ermənistandakı mövqelərini qorumağa və seçki öncəsi proseslərə təsir göstərməyə çalışır.
Asif Nərimanlının qənaətincə, seçki gününə qədər Rusiyanın bu istiqamətdə praktiki addımlarının daha da genişlənməsi istisna deyil.
Vural










