media-aze-rus

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Moskva-İrəvan xəttində baş verən son hadisələr fonunda diqqət çəkən siyasi addım kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, bu telefon danışığını bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla baş tutan söhbətin kontekstində dəyərləndirmək lazımdır.

Onun sözlərinə görə, burada söhbət nə Moskvanın Bakı-İrəvan münasibətlərində vasitəçi rolunu gücləndirmək cəhdindən, nə də Kremlin zəng diplomatiyasında balans yaratmaq istəyindən gedir. Təhlilçi bildirir ki, Rusiya hazırkı mərhələdə Cənubi Qafqaz siyasətində taktiki manevrlər etməyə çalışır və bunu telefon danışıqlarının ardıcıllığında da müşahidə etmək mümkündür.

Asif Nərimanlının fikrincə, Moskva ilə İrəvan arasında telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. O qeyd edir ki, Ermənistanın baş naziri Rusiya prezidentindən erməni mallarının ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib, Vladimir Putin isə öz növbəsində İrəvandan Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim məsələsini sürətləndirməyi tələb edib.

Siyasi təhlilçi bu danışıqdan iki əsas nəticənin çıxdığını vurğulayır. Birincisi, Moskva və İrəvanın münasibətlərə dair gündəlikləri tamamilə fərqlidir. İkincisi isə Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiq rıçaqlarını aradan qaldırmaq və ya yumşaltmaq niyyətində olmadığı görünür. Onun qənaətincə, Kreml Brüsselin İrəvana iqtisadi alternativlər təqdim edə bilməməsini də təzyiq siyasətini davam etdirmək üçün fürsət kimi dəyərləndirir.

Asif Nərimanlı diqqətə çatdırır ki, mühüm məqamlardan biri də Ermənistanda keçirilən seçkilərdən sonra Vladimir Putinin Nikol Paşinyanla ilk telefon danışığında onu təbrik etməməsidir. Təhlilçinin sözlərinə görə, bu amil Moskva ilə İrəvan arasında gərginliyin davam edəcəyi, hətta daha da dərinləşəcəyi ehtimallarını artırır.

Onun fikrincə, Paşinyanla danışıqdan cəmi bir gün sonra Putinin İlham Əliyevə zəng etməsi də Moskva-İrəvan münasibətlərindəki gərginliklə əlaqələndirilə bilər. Asif Nərimanlı hesab edir ki, Rusiya Ermənistanla qarşıdurma fonunda regional siyasətini Azərbaycanla münasibətləri normallaşdırmaq və sabit xəttə çıxarmaq cəhdi ilə kompensasiya etməyə çalışır.


media-adspc

Bənzər xəbərlər