Kritik infrastrukturların qorunmasında yeni model: Kibertəhlükəsizlik üçün yeni sınaq meydanı yaradıldı
Son dövrlər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin kibertəhlükəsizlik sektorundakı rolu xeyli dərəcədə güclənib.
ERAmedia xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, xüsusilə dövlətin kritik informasiya infrastrukturlarının qorunması, fasiləsiz monitorinq və kiberinsidentlərə operativ reaksiya sahəsində bu rol daha aydın görünür.
“Paralel olaraq, son zamanlar rəqəmsal sübutların hüquqi dövriyyəyə daxil edilməsi istiqamətində aparılan təşəbbüslər kibertəhlükəsizliyin artıq təkcə texniki yanaşma deyil, həm də hüquqi müstəvidə möhkəmləndirildiyini göstərir.
Bu məqsədlə XRİTDX-nin tədqiqatlara və universitetlərlə əməkdaşlığa üstünlük verməsi də diqqətçəkəndir. Ötən gün XRİTDX növbəti unikal addım ataraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını yaradıb.
Belə bir laboratoriyaya ehtiyacın olması, ölkədə bu tip strukturun formalaşdırılmasının zəruriliyi ətrafında əvvəllər də xeyli müzakirələr olmuşdu”, – deyə o əlavə edib.
Bu laboratoriya nədir və nəyə xidmət edir? Mütəxəssis bu sualı sadə nümunələrlə belə izah edib:
“Kritik sektorda istifadə olunacaq yeni bir proqram əvvəlcə bu laboratoriyada kiberhücum ssenariləri ilə sınaqdan keçiriləcək. Haradan sızma mümkündür, hansı zəifliklər var – bunlar real şəraitdə aşkarlanacaq və yalnız aradan qaldırıldıqdan sonra sistem istifadəyə veriləcək.
Şəbəkədə kiberinsident baş verdikdə bu vəziyyət laboratoriyada təlim ssenarisi kimi modelləşdiriləcək. Hücumun texniki izlərinin necə tapılması, necə sənədləşdirilməsi və rəqəmsal sübut kimi qorunması praktik şəkildə öyrədiləcək və s.
Yəni bu laboratoriya sadəcə klassik dərs otağı deyil, kibertəhlükəsizlik üzrə real bir sınaq və təlim poliqonudur”.
O.Gündüz xatırladıb ki, bundan əvvəl də XRİTDX Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində də “Zərərverici Analizi Laboratoriyası”nı tələbələrin istifadəsinə vermişdi. XRİTDX kadrların hazırlanması, tədqiqatlar sahəsində AzTU ilə də ciddi işbirliyi qurub.
“Bu laboratoriyalar, eyni zamanda rəqəmsal sübutlarla bağlı hüquqi mühitin inkişafına xidmət edir. Proqramlarda, sistemlərdə və şəbəkələrdə qalan texniki izlərin düzgün toplanması, saxlanması və məhkəmədə etibarlı sübut kimi təqdim olunması üçün real praktik baza formalaşır.
Nəticədə, sektorda səlahiyyətli dövlət qurumlarının bu modeli kibertəhlükəsizliyi yalnız texniki məsələ kimi deyil, milli təhlükəsizlik, hüquqi etibarlılıq və kadr hazırlığı məsələsi kimi birləşdirir. Universitetlər isə tədricən bu ekosistemin passiv müşahidəçisi yox, aktiv iştirakçısına çevrilir. Tədqiqatlar üçün daha münbit şərait yaradılır.
XRİTDX-nin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir”, – deyə o bildirib.
Vural










