media-w_1617788705163271550994_1200x630

Azərbaycan Milli İncəsənət Muzeyində “Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” adlı sərgi açılıb.

ERAmedia xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgi Bakının XIX əsrdən bu günədək keçdiyi tarixi, memarlıq və mədəni inkişaf yolunu təsviri sənət vasitəsilə təqdim edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova sərginin əhəmiyyəti barədə məlumat verib.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində keçirilən sərgidə 80-dən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq sənət nümunələri yer alıb.

“Sərgi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq təşkil olunub. Burada Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından olan əsərlərlə yanaşı, müasir rəssamların təqdim etdikləri rəsmlər də nümayiş olunub. Əminik ki, bu sərgi Bakıya gələn qonaqlar üçün də maraqlı olacaq”, – deyə S.Yusifova əlavə edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova sərgidə Bakı obrazının qədim İçərişəhərin daş küçələri və memarlıq abidələri, neft dövrünün sənaye panoramları, dəniz sahilinin romantik ovqatı və müasir urbanistik silueti ilə canlandığını deyib: “Burada rəngkarlıq, qrafika və heykəltaraşlıq nümunələrinin yer alır. Sərgidə Əli bəy Hüseynzadə, Pyotr Vereşşagin, İvan Şeblıkin kimi sənətkarların tarixi Bakı təsvirlərindən başlayaraq Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Ələkbər Rzaquliyev, Elmira Şahtaxtinskaya və digər görkəmli rəssamların əsərlərinə qədər uzanan geniş bədii panorama təqdim olunur. XX əsrin sonu-XXI əsrin əvvəllərinə aid əsərlərdə isə Bakının müstəqillik dövründə keçirdiyi sürətli dəyişikliklər, yeni memarlıq məkanı və müasir şəhər ritmi əksini tapır. Altay Sadıqzadə, Hüseyn Haqverdiyev, Müseyib Əmirov, İrina Eldarova, Anar Hüseynzadə və digər müasir rəssamların əsərləri bu yeni baxışın bədii ifadəsinə çevrilir. Müxtəlif üslub və estetik yanaşmaları birləşdirən əsas xətt şəhərin ruhunu duymaq, onu zamanın yaddaşında qorumaq və gələcək nəsillərə ötürmək istəyidir. Sərginin ekspozisiyası multimedia təqdimatları ilə də zənginləşdirilib. Burada P.Vereşşaginin “Bakının dənizdən görünüşü” əsəri rəqəmsal formatda animasiya şəklində təqdim olunur. Eyni zamanda, Azərbaycan Dövlət Film Fondunun təqdim etdiyi arxiv videokadrlar və sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş olunan fotomateriallar tamaşaçılara müxtəlif dövrlərin Bakısını daha yaxından izləmək imkanı yaradır”.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Səlhab Məmmədov diqqətə çatdırıb ki, sərgi Bakının ruhunu və gözəlliyini əks etdirən dəyərli əsərlərlə yadda qalır. O, sərginin yüksək səviyyədə təşkil olunduğunu, gənc müəlliflərin də paytaxtımız haqqında olduqca maraqlı və gözəl əsərlər təqdim etdiklərini vurğulayıb.

Tədbirin bədii hissəsində Əməkdar artist Nərgiz Kərimova və beynəlxalq və respublika müsabiqələrinin laureatı Zümrüd Əlizadənin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi avqustun 31-dək davam edəcək.


media-adspc

Bənzər xəbərlər