media-557718307_10240647233862240_3625630761068511881_n

Bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının üçüncü ildönümüdür. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini qurub.

Yeni yaradılan məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi keçirilib. Həmçinin dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

ERAmedia xəbər verir ki, bu əlamətdar hadisənin üçüncü ildönümü ilə bağlı Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bildirib ki, 2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın diktəsi ilə məcburiyyət qarşısında qalan Ermənistan işğal altında saxladığı bir sıra əraziləri geri qaytardı.

O qeyd edib ki, həmin dövrdə sülhməramlı missiyanın dəstəyi ilə ölkəmizin ərazisindən – Laçın istiqamətindən keçməklə Qarabağda yerləşən Ermənistan silahlı birləşmələrinə və separatçılara müxtəlif hərbi təyinatlı yüklərin çatdırılması halları müşahidə olunurdu.

Ekspertin sözlərinə görə, eyni zamanda, Qarabağda erməni separatizmini dəstəkləyən şəxslər Azərbaycan ərazisinə – Xankəndi şəhərinə gələrək təxribat xarakterli, gərginliyi artırmağa yönəlmiş fəaliyyətlərlə məşğul olurdular.

R.Məmmədli vurğulayıb ki, bu proseslər ciddi nəzarətdə saxlanılmalı və qarşısı alınmalı idi. Onun fikrincə, məsələ yalnız hərbi deyil, eyni zamanda, siyasi xarakter daşıyırdı və güclü siyasi iradə tələb edirdi. Bu iradə isə Prezident İlham Əliyev tərəfindən nümayiş etdirildi.

“Əslində, Laçın-Xankəndi yolu üzərində sərhəd-buraxılış məntəqəsinin yaradılması, yəni Qarabağdan və Xankəndi şəhərindən Ermənistana gediş-gəlişə nəzarətin təmin olunması, qanunsuz yüklərin daşınmasının qarşısının alınması Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilmiş mühüm addım idi. Bu qərar sonradan Azərbaycanın antiterror əməliyyatı keçirərək uğur qazanmasına da zəmin yaratdı. Yəni həmin prosesin başlanğıcı kimi 2023-cü il aprelin 23-də atılan bu addımı xüsusi qeyd etməliyik. Bu qətiyyətli qərar və nümayiş etdirilən siyasi iradə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına və suverenliyinin təmin olunmasına gətirib çıxardı. Hesab edirəm ki, 2020-ci ildə Qarabağda əldə etdiyimiz Qələbə, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunması ilə Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması eyni gücdə və eyni səviyyədə Ermənistana vurulan zərbə idi”, – deyə R.Məmmədli qeyd edib.


media-adspc

Bənzər xəbərlər