Laçında şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb
Laçın rayonunun Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib. Abidə kompleksi dövlətimizin bərpa və quruculuq işlərinə dəstək məqsədilə kənd sakinlərinin təşəbbüsü ilə inşa edilib.
ERAmedia xəbər verir ki, açılış mərasimində Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Laçın Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, Laçın Rayon Müharibə və Əmək Veteranları təşkilatının sədri, rayon ağsaqqalı Qəzənfər Hüseynov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb.
Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyeva, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov, Laçın şəhər sakini Qəzənfər Hüseynov, şəhid ailələrinin üzvləri və rayon ziyalıları çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların qəhrəmanlığı və onların xatirəsinin yaşadılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, xalqımızın birliyi, dövlətimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaq həsrətinə son qoyulub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və diplomatik xidməti xüsusi vurğulanıb.
Sonda şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.
Qeyd edək ki, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı Şamkənd, ümumilikdə, 41 şəhid verib. Onlardan 7 nəfəri “Tunel” qətliamı (Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki “Tunel” ərazisi), 20 nəfəri isə Ballıqaya qətliamı zamanı amansızlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 azyaşlı uşaq da olub. Onların ən kiçiyi cəmi 6 aylıq körpə olub. Şamkənd şəhidlərindən biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, biri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Hazırda şəhidlərdən 8 nəfəri itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Daha 3 şəhidin nəşi isə 44 günlük Vətən müharibəsindən sonra aşkar edilərək dəfn olunub.










