Los-Ancelesdə xidmət edən azərbaycanlı polis

ABŞ-da yaşayan və Los-Ancelesdə hüquq-mühafizə orqanlarında çalışan azərbaycanlı Fəxri Mirzəquliyev həm peşə fəaliyyəti, həm də soydaşlarına göstərdiyi dəstəklə diqqət çəkir.
ERAmedia xəbər verir ki, o, 2020-ci ilin Tovuz hadisələri zamanı Los-Ancelesdə azərbaycanlılara qarşı törədilən hücumlar zamanı icmasının yanında olduğunu bildirib.
Onun sözlərinə görə, həmin hadisələrdən sonra erməni dairələri fəaliyyət göstərdiyi quruma çoxsaylı şikayət və hədələyici məktublar ünvanlayaraq işdən uzaqlaşdırılmasını tələb ediblər. Buna baxmayaraq, Mirzəquliyev soydaşlarına dəstəyini davam etdirdiyini vurğulayıb.
Fəxri Mirzəquliyev Bakıda doğulduğunu, orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra 2002-ci ildə ABŞ-a təhsil almaq məqsədilə köçdüyünü deyib. O bildirib ki, uzun illərdən sonra daimi yaşayış hüququ əldə edib və hüquq-mühafizə sahəsində karyera qurmağa qərar verib.
Onun sözlərinə görə, əvvəlcə prokurorluqda müstəntiq işləməyi planlaşdırsa da, bunun üçün hüquq təhsili alarkən bu sahənin daha çox sənəd işi tələb etdiyini anlayıb. Nəticədə Los-Anceles Şerif Departamentində xidmətə başlayıb.
Mirzəquliyev qeyd edib ki, Los-Ancelesdə azərbaycanlıların sayı çox olmasa da, icma üzvləri bir-birlərinə dəstək göstərməyə çalışırlar. Yeni gələn soydaşlara müvəqqəti qalacaq yer tapılması, ərzaq yardımı və gündəlik həyatla bağlı məsləhətlərin verilməsi istiqamətində imkan daxilində kömək etdiklərini bildirib.
O, ABŞ-da uğur qazanmağın əsas şərtinin insanın qarşısına məqsəd qoyması və əzmlə çalışması olduğunu da vurğulayıb.









