media-444398_xq6ma494lr

İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə xüsusi xidmətləri ilə seçilən azərbaycanlılardan biri də Məhəmməd Xəlilov olub.

ERAmedia xəbər verir ki, 1920-ci ildə anadan olan Məhəmməd Xəlilov cəbhədə ağır yaralandıqdan sonra alman ordusuna əsir düşüb. O, əvvəlcə Almaniyaya, daha sonra isə İtaliyaya aparılıb. Lakin Pyamçentsa şəhəri yaxınlığında əsirlikdən qaçmağa nail olan Xəlilov İtaliya müqavimət hərəkatına qoşularaq partizan sıralarında döyüşməyə başlayıb.

Qısa müddətdə cəsarəti və hərbi bacarığı ilə seçilən azərbaycanlı döyüşçü “Luçano” ləqəbi ilə tanınıb. O, partizan dəstələrinin tərkibində nasist qüvvələrinə qarşı keçirilən çoxsaylı əməliyyatlarda iştirak edib, strateji əhəmiyyət daşıyan obyektlərin məhv edilməsində mühüm rol oynayıb.

Müttəfiq qoşunlarının Mərkəzi Aralıq dənizi bölgəsindəki komandanı marşal Aleksander tərəfindən imzalanmış “Vətənpərvər sertifikatı” ilə təltif olunan Məhəmməd Xəlilovun fəaliyyəti İtaliya mətbuatında da geniş işıqlandırılıb. “Unita” qəzeti onun həyata keçirdiyi uğurlu əməliyyatlardan bəhs edərək, Bakıdan olan Məhəmmədin düşmənin ciddi mühafizə etdiyi körpünü partlatdığını və digər diversiya əməliyyatlarında fərqləndiyini yazıb.

Sonralar Məhəmməd Xəlilov İtaliya Kommunist Partiyasına üzv qəbul edilib. Onun partiyaya qəbuluna zəmanəti həmin dövrün tanınmış siyasi xadimi Palmirro Tolyatti verib. Bu vaxtadək o, artıq “Luçano” adı ilə məşhurlaşmış, partizan dəstəsinin qərargah rəisi və müqavimət hərəkatının nüfuzlu simalarından birinə çevrilmişdi.

Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə Məhəmməd Xəlilov müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. O, İtaliyanın Milli Qəhrəmanı adına layiq görülməklə yanaşı, Ukrayna və İtaliyanın fəxri vətəndaşı adlarını da alıb. 1997-ci ildə vəfat edən Məhəmməd Xəlilov Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutan şəxsiyyətlərdən biri kimi xatırlanır.

media-whatsapp-image-2026-08-04-at-10-09-07


media-adspc

Bənzər xəbərlər