Lütfəli Abdullayev Sevda xanımı necə 15 il gözlədi? – Məşhur aktyorun sevgi hekayəsi
İkinci Dünya Müharibəsi illərində Bakıda incəsənət nümayəndələri üçün xüsusi yeməkxana fəaliyyət göstərib və burada ərzaq talonla paylanıb.
ERAmedia xəbər verir ki, Azərbaycanın ilk qadın musiqişünaslarından Xurşid Ağayevanın qızı Sevda xanım üçün aldığı talon həmin dövrün ən maraqlı sevgi hekayələrindən birinin başlanğıcına çevrilib.
Həmin günlərdə yeməkxanada Sevda xanımı görən tanınmış aktyor Lütfəli Abdullayev ona ilk baxışdan maraq göstərib. Aktyor ətrafındakılara onunla evlənəcəyini deyib, daha sonra Sevda xanımla tanış olub və onu tamaşasına dəvət edib.
Sevda xanımın sonrakı xatirələrinə görə, o, tamaşaya gələndə Lütfəli Abdullayev bütün ailə üzvlərini də gətirib. Aktyor uzaqdan Sevda xanımı ailəsinə gələcək həyat yoldaşı kimi təqdim edib.
Ancaq onların münasibətlərinin qarşısında ciddi maneə dayanıb. Sevda xanımın atası Əhməd bəy 1937-ci ildə repressiyaya məruz qalaraq güllələndiyindən ailəsi uzun müddət ağır siyasi damğa ilə üzləşib.
Bütün çətinliklərə baxmayaraq, Lütfəli Abdullayev sevgisindən vaz keçməyib. Aktyor Sevda xanımı 15 il gözləyib və onların ailə qurmaq arzusu yalnız 1957-ci ildə reallaşıb.
Nikah baş tutanda Lütfəli Abdullayev 44, Sevda xanım isə 32 yaşında olub. Toy mərasimi böyük məclis şəklində deyil, ev şəraitində keçirilib. Sevda xanımın tərəfdən mərasimdə yalnız Xalidə xanım və onun nişanlısı, bəstəkar Vasif Adıgözəlov iştirak edib.
Cütlük ailə qurduqdan sonra ömrünün sonunadək həmin evdə birlikdə yaşayıb. Onların hekayəsi Azərbaycan mədəniyyət tarixində uzun illər gözləmə və sədaqətlə nəticələnən sevgi nümunələrindən biri kimi xatırlanır.
Mələk Onur










