media-bakuart_luvr_muzeyi_3

Fransa polisi Luvr muzeyinin biletləri ilə bağlı uzun illər davam edən dələduzluq sxemində iştirakda şübhəli bilinən doqquz nəfəri saxlayıb.

ERAmedia xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

İstintaq məlumatlarına görə, dünyanın ən çox ziyarət olunan muzeyi olaraq qalan Luvra on il ərzində 10 milyon avrodan çox ziyan dəyib.

Həbslər Luvrun 2024-cü ilin dekabrında təqdim etdiyi şikayətdən sonra başlanmış məhkəmə istintaqı çərçivəsində həyata keçirilib. Saxlanılanlar arasında muzeyin iki əməkdaşı, bir neçə bələdçi və sxemin ehtimal olunan təşkilatçısı var.

Prokurorluğun versiyasına görə, fırıldaq sxemi eyni biletlərin müxtəlif turist qrupları üçün təkrar-təkrar istifadə olunmasına əsaslanıb. İstintaqçıların diqqətini ilk olaraq iki çinli bələdçi cəlb edib. Onların turist qruplarını muzeyə əvvəllər istifadə edilmiş biletlərlə dəfələrlə daxil etdikləri ehtimal olunur. Daha sonra digər bələdçilər tərəfindən də oxşar halların baş verdiyi müəyyənləşdirilib.

Müşahidə və telefon danışıqlarının dinlənilməsi biletlərin sistemli şəkildə təkrar istifadəsini, eləcə də qrupların bölünməsi praktikasını təsdiqləyib. Bu üsulla bələdçilərdən tutulan məcburi “çıxış haqqı”nın ödənilməsindən yayınıldığı bildirilir. İstintaq həmçinin bələdçilərin muzey daxilində yoxlamalara göz yuman şəxslərlə əlbir olduğunu və onlara nağd ödəniş etdiyini ehtimal edir.

2025-ci ilin iyununda rəsmi şəkildə başlanan istintaq çərçivəsində təşkil olunmuş fırıldaqçılıq, çirkli pulların yuyulması, korrupsiya, ölkəyə qanunsuz girişə yardım və saxta sənədlərdən istifadə kimi ittihamlar irəli sürülüb. Müstəntiqlərin qiymətləndirməsinə görə, şəbəkə gündəlik 20-yə qədər turist qrupuna xidmət göstərə bilib.

Ehtimal olunur ki, əldə olunan gəlirin bir hissəsi Fransada və Dubay daşınmaz əmlaka yatırılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanları 957 min avrodan çox nağd pul, o cümlədən 67 min avro xarici valyutada, eləcə də bank hesablarında 486 min avro vəsait müsadirə edib.

Prokurorluq oxşar sxemlərin Versal Sarayında da tətbiq oluna biləcəyini qeyd etsə də, əlavə təfərrüat açıqlamayıb.

2025-ci ilin noyabrında Luvr Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn turistlərin əksəriyyəti üçün bilet qiymətlərinin 45% artırıldığını açıqlayıb. Bu artım muzeyin illik gəlirlərini 15–20 milyon avro artırmağa imkan verəcək. Yanvarın 14-dən etibarən fərdi ziyarətçilər üçün bilet qiyməti 32 avro, akkreditə olunmuş bələdçilərlə qrup halında gələnlər üçün isə 28 avro təşkil edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər