Maduro kimlərlə eyni həbsxanada saxlanılır? - MƏŞHUR ADLAR
ABŞ-ın Bruklin həbsxanasında saxlanılan Nikolas Maduronun kameradaşı olan məşhur adlar diqqət çəkir.
ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həbs edilən Venesuela Prezidenti Nikolas Maduronun saxlanıldığı Bruklin Metropoliten Həbsxanası (MDC) pis saxlanma şəraiti ilə tanınır. Kanalizasiya sularının sızması, kameralar boyunca dolaşan həşəratlar və təhlükəsizlik problemləri ilə tez-tez gündəmə gələn bu müəssisədə Maduronun eyni vaxtda qaldığı şəxslər də diqqət mərkəzinə düşüb.
ERAmedia xəbər verir ki, məlumata görə, Nikolas Maduro dünyanın ən böyük 8-ci şirkətinin rəhbərinin qətlində ittiham olunan Luici Mancione və amerikalı repçi “6ix9ine” ilə eyni həbsxanada saxlanılır.
Xatırladaq ki, ABŞ-ın yanvarın 3-də Karakasda həyata keçirdiyi və 2 saat 20 dəqiqə davam etdiyi bildirilən hərbi əməliyyat nəticəsində Venesuela prezidentinin heç bir müqavimətlə üzləşmədən ölkədən aparılıb. Maduro dünən ilk dəfə hakim qarşısına çıxarılıb.
İşə ABŞ Federal Dairə Hakimi Alvin Hellerstayn baxır. Məhkəməyə ayaqları qandallı şəkildə gətirilən Maduronun növbəti iclasının martın 17-də keçiriləcəyi elan edilib.
Nyu-Yorkdakı Bruklin MDC dünyada məşhur şəxslərin saxlanıldığı həbsxana kimi tanınır. Cefri Epstaynın tərəfdaşı kimi mühakimə olunaraq məhkum edilən Gisleyn Maksvell bir vaxtlar bu müəssisədə qalıb. Musiqi dünyasının qalmaqallı simalarından Şon “Diddi” Kombs da bir müddət burada saxlanılıb, daha sonra Nyu-Cersi ştatındakı Fort Diks həbsxanasına köçürüldüyü bildirilir.
Həbsxanada həmçinin 2024-cü ilin dekabrında “UnitedHealthcare” şirkətinin baş icraçı direktoru Brayan Tompsonun qətlində ittiham olunan Luici Mancionenin də məhkəməni gözlədiyi qeyd olunur. Bundan başqa, FTX kriptobirjasının qurucusu Sem Bankman-Frid, repçilər “6ix9ine” və Fetti Vap, eləcə də “pharma bro” ləqəbi ilə tanınan Martin Şkrelinin də keçmişdə Bruklin MDC-də saxlanıldığı xatırladılır.
Təxminən 1300 məhbusun saxlanıldığı bildirilən Bruklin MDC Nyu-Yorkda federal məhkəmələri gözləyən təqsirləndirilənlərin yerləşdirildiyi yeganə həbsxanadır. Müəssisə uzun illərdir məhbuslar və vəkillər tərəfindən təhlükəsizliyin zəifliyi və antisanitar şəraitlə bağlı tənqid olunur.
2019-cu ildə baş verən elektrik yanğınından sonra qışın ortasında istilik və elektrik enerjisinin kəsildiyi, məhbusların soyuq kameralarda saxlanıldığı iddia edilib. ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə isə həbsxanada iki məhbusun digər məhbuslar tərəfindən əl istehsalı silahlarla öldürüldüyü bildirilir. Bu hadisələrdən sonra müəssisədə zorakılığa qarşı geniş təhlükəsizlik tədbirlərinin görüldüyü açıqlanıb.
Gisleyn Maksvellin də Bruklin MDC-də qaldığı müddətdə nəzarətçilərin həddindən artıq sərt davranış sərgilədiyini, kamerasında xam kanalizasiya, həşəratlar və çirkabın olduğunu iddia etdiyi qeyd olunur.
Vural









