media-fa5a82b3-2604-4b15-8959-e090ea873300

Paylaşımlarımın birində bizim şairlərdən birinə Mafusail ömrü arzulamışdım. Çoxları nə demək istədiyimi başa düşməmişdi. Günah Bernard Şoudadır.

Milli Məclisin sabiq deputatı Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bu ifadə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun 1922-ci ildə yazdığı “Mafusailə doğru geri” pyesi ilə bağlıdır.

Etibar Əliyevin sözlərinə görə, həmin əsər Şounun dram əsərləri arasında həm həcminə, həm də mürəkkəbliyinə görə xüsusi yer tutur. Dramaturq pyes boyu insanların daha ağıllı olmaları və gələcək nəsillərin əvvəlki səhvləri təkrarlamamaları üçün insan ömrünün “uzadılması” ideyasını önə çəkir.

O qeyd edib ki, pyesin adı Bibliyada ən uzun ömür sürən personajlardan biri olan Mafusailin adı ilə əlaqəlidir. Mafusailin 300 il yaşadığı bildirilir.

Etibar Əliyev vurğulayıb ki, pyesdə insanların Mafusail qədər uzun ömür sürəcəyi təqdirdə Yer üzündə həyatın gedişatını dəyişdirməyin mümkünlüyü kimi fantastik fikir irəli sürülür. Lakin Şounun əsərdəki ideya mövqeyində müəyyən ikilik də müşahidə olunur: bir tərəfdən uzunömürlülük ideallaşdırılır, digər tərəfdən isə uzun yaşayan nəsillərin həyat tərzi tənqidi şəkildə təsvir edilir.

“Zamanı düşünən qocalara belə bir fikir aid edilir: insanlar qalmayacaq, yalnız fikirlər qalacaq. Siz, qocalar, həmişə tənha gəzir, heç nəyə diqqət etmir, rəqs etmir, oxumur, həyatdan ləzzət almırsınız. Bu, mənasız həyatdır”, – deyə Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, Bernard Şounun öz həyatının sonluğu da bu baxımdan maraqlı təsadüflə yadda qalıb. Yazıçı 94 yaşında bağda işləyərkən büdrəyərək ayağını sındırıb və hadisədən bir neçə gün sonra dünyasını dəyişib.

Etibar Əliyev qeyd edib ki, buna görə də “Mafusail ömrü” ifadəsi sadəcə uzun yaşamaq arzusu deyil, həm də uzun həyatın insanı müdrikləşdirib-müdrikləşdirmədiyi barədə düşüncəyə işarədir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər