media-videoedited
media-17604463783573425773_1200x630
media-shehidler_olmez_baner_full

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, tanınan şairə Mahirə Nağıqızının özbək dilində Daşkənddə çap olunan “Yana oy kechadi, yillar o‘tadi…” (Yenə ay keçər, illər ötər…) adlı şeirlər kitabının təqdimatı olub.

ERAmedia xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev Muzeyində keçirilən təqdimat mərasimində Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, tələbələr iştirak ediblər.

Bildirilib ki, təqdimat mərasimini giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Mahirə Nağıqızının ədəbi yaradıcılığı haqqında söz açaraq onu ürəyi vətən sevgisi ilə döyünən bir şairə və eyni zamanda yeni nəslin, tələbələrin sevimlisi olan pedaqoq, Azərbaycanı dərin məhəbbətlə sevən bir ziyalı kimi səciyyələndirib. O, Mahirə xanımın həm alim, həm də şair kimi çox sayda kitablarının, monoqrafiya və elmi-publisist məqalələrinin olduğunu, onun təkcə Azərbaycanda deyil bütün Türk dünyasında da yaxşı tanındığını qeyd edib. Təqdimatı keçirilən nəşrin Mahirə Nağıqızının özbək dilində işıq üzü görən birinci kitabı olduğunu bildirən Akif Marifli, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müəllifin bir elmi monoqrafiyasının da özbək dilinə tərcümə edilərək tezliklə çap olunacağını bildirib.

Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid müəllifi təbrik edərək kitabdakı şeirlərin məziyyətləri haqqında söhbət açıb. O deyib ki, Mahirə Nağıqızının şeirlərində anaya və vətənə məhəbbət qırmızı xətt kimi keçir: “Əminəm ki, bu toplu özbək oxucularının sevimli kitablarından biri olacaq”.

Nizami adına Özbəkistan Milli Pedaqogika Universitetinin prorektoru dosent Dilnoza Xolmuradova sözügedən nəşrdə yer alan şeirlərin gənc nəslin vətənpərvər ruhda yetişməsi baxımından çox dəyərli poetik nümunələr olduğunu, insan qəlbini riqqətə gətirdiyini vurğulayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov Mahirə Nağıqızının ədəbi yaradıcılığından söz açaraq artıq onun təkcə Azərbaycanda deyil qardaş türk dövlətlərində də əsərlərinin tanıdılması, yayılmasını ədəbiyyatımız üçün böyük uğur kimi qeyd edib.

Təqdimat mərasimində Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova, azərbaycanlı alimlərdən professor Sevinc Əliyeva, dosent Sevinc Ruintən, Cizzax Dövlət Pedaqoji Universitetinin professoru Azamat Anvarov, Daşkənddə yaşayan əslən Qərbi Azərbaycandan olan İsmayıl Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və başqaları çıxış edərək sözügedən nəşrdə yer alan şeirlərin vətənpərvərlik duyğularının aşılanması, Azərbaycan mədəniyyətinin təbliği, ədəbiyyatımızın, ələlxüsus da müasir poeziyamızın tanıdılması baxımından çox mühüm bir hadisə kimi dəyərləndiriblər.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən Mahirə Nağıqızının şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnının videoklipi nümayiş etdirilib.

Tədbirin sonunda çıxış edə müəllif Azərbaycan Mədəniyyət Mərkəzinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonra Mahirə Nağıqızı tərəfindən oxucular üçün imza mərasimi təşkil edilib.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər