media-0274e217_454f_4bd0_b72f_09e587148957_1778152554

Fransa prezidenti Emmanuel Makronun Ermənistandan quru sərhədi vasitəsilə Türkiyəyə keçmək planının baş tutmadığı bildirilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı məsələ ilə bağlı bildirib ki, səfər əvvəlcə Türkiyənin müəyyən nümayəndələri ilə razılaşdırılsa da, qərar Prezident Recep Tayyip Erdoğan səviyyəsində müzakirə edilərkən Ankara Bakı ilə məsləhətləşmələrdən sonra buna razılıq verməyib.

Onun sözlərinə görə, Makronun sərhədi keçmək istəyi həm Ermənistanın, həm də Fransanın siyasi məqsədlərinə xidmət edirdi. Təhlilçi qeyd edib ki, İrəvan Türkiyə ilə münasibətlərin normallaşması prosesində Azərbaycanın rolunu arxa plana keçirməyə çalışır. Bu məqsədlə Ermənistan rəhbərliyi Ankara-İrəvan xəttində “üçüncü tərəfin” iştirakına qarşı çıxaraq sərhədin yalnız ikitərəfli münasibətlər çərçivəsində açılmasına nail olmaq istəyib.

Asif Nərimanlı vurğulayıb ki, Ankara isə Bakının maraqlarını nəzərə alaraq bu yanaşmanı qəbul etməyib. Onun fikrincə, Türkiyə və Ermənistan arasında “üçüncü şəxslərin sərhəddən keçidi” ilə bağlı əldə olunan razılaşmanın praktiki işləməməsi də bunu göstərir.

Təhlilçi hesab edir ki, Makronun Ermənistandan quru yolla Türkiyəyə keçməsi baş tutsaydı, bu, İrəvan üçün ciddi siyasi presedent yarada bilərdi. O bildirib ki, Ermənistan bununla həm Bakı-Ankara münasibətlərində müəyyən narazılıq formalaşdırmağa, həm də Türkiyə-Ermənistan normallaşma prosesində Azərbaycanın şərtlərinin prioritetliyini zəiflətməyə çalışırdı.

Asif Nərimanlının sözlərinə görə, Paris də bu prosesdə öz təsir imkanlarını genişləndirməyi hədəfləyirdi. Təhlilçi qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Türkiyə ilə quru sərhədini keçməklə Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu statusu qazanmağa və Fransanın Azərbaycan-Ermənistan münasibətlərinə təsir imkanlarını artırmağa çalışırdı.

O əlavə edib ki, Makron bu addımla Cənubi Qafqazda formalaşan yeni siyasi münasibətlər sistemində “təminatçı” roluna yüksəlmək niyyətində idi, lakin Prezident İlham Əliyev və Ərdoğanın koordinasiyalı mövqeyi buna imkan vermədi.

Vural


media-adspc

Bənzər xəbərlər