Manatın məzənnəsi dəyişəcəkmi? – Deputatdan açıqlama
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manatın məzənnəsinin 2017-ci ilin aprelindən etibarən stabil qaldığını və Azərbaycanın yaxşı ticarət balansına malik olduğunu bildirib.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından əsas meyarlardan biridir. Onun sözlərinə görə, bu baxımdan məzənnə siyasəti makroiqtisadi sabitliyin əsas istiqamətlərindən birinə çevrilib.
Deputat qeyd edib ki, növbəti dövrdə manatın məzənnəsinə ən çox təsir göstərəcək amil ölkəyə daxil olan valyutanın həcmi olacaq. O bildirib ki, neftin dünya bazarındakı qiyməti Azərbaycanın tədiyyə balansına ən çox təsir edən amillərdən biri olaraq qalır.
Vüqar Bayramovun sözlərinə görə, yüksək neft qiymətləri, eləcə də qeyri-neft ixracındakı artım 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunmasına imkan yaradıb.
“2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20,1 milyard dollara çatıb. Qeyri-neft-qaz ixracatında isə daha yüksək – 2 dəfəyə yaxın artım qeydə alınıb. Bu müddətdə Azərbaycan 5,9 milyard dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib”, – deputat bildirib.
O əlavə edib ki, digər mühüm məqam idxalın azalmasıdır. Belə ki, Azərbaycanın idxalı 43 faiz azalaraq 9,8 milyard dollara düşüb. Bu isə qeyd olunan dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldosunun formalaşması ilə nəticələnib.
Deputatın sözlərinə görə, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və tədiyyə balansındakı müsbət dinamika valyuta bazarında tarazlığın qorunmasına imkan yaradıb.
Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank da dollara tələbin azalması fonunda sterilizasiya tədbirləri həyata keçirərək valyuta ehtiyatlarını artırıb.
“2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar artıb. 2025-ci ili 11,5 milyard dollar ehtiyatla başa vuran Mərkəzi Bankın hazırda 15,3 milyard dollar rezervi var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb”, – deyə deputat vurğulayıb.
O qeyd edib ki, mövcud göstəricilər valyuta bazarındakı tarazlığın qorunmasına imkan verir. Bununla belə, Azərbaycanın üzən məzənnə rejiminə keçmədiyini nəzərə alaraq, orta və uzunmüddətli dövrdə manatın məzənnəsinin birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacağını bildirib.
Vural









