MDU-da Milli Qəhrəman Natiq Qasımovun xatirəsi anılıb
Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə oğlanlar arasında fakültələrarası çempionatın final oyunu keçirilib.
ERAmedia xəbər verir ki, universitetin İdman-Sağlamlıq Kompleksində təşkil edilən oyunda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən MDU-nun rektoru Anar Eminov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat yolunun gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. O bildirib ki, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlığının gücləndirilməsi və vətənpərvər ruhda yetişdirilməsi universitetin əsas prioritetlərindəndir. Rektor çempionatın Milli Qəhrəmanın xatirəsinə həsr olunmasının tələbələrdə milli ruhun möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev belə tədbirlərin gənclərdə həm fiziki hazırlığın, həm də mənəvi məsuliyyət hissinin formalaşmasına mühüm təsir göstərdiyini söyləyib.
Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov Natiq Qasımovun döyüş yolunun hər zaman gənclərə örnək olduğunu bildirib və bu cür yarışların yaddaşın yaşadılması, milli dəyərlərin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov regionda idman infrastrukturunun genişləndirilməsi, kütləvi idmanın təşviqi və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışıb. O, MDU-da idman fəaliyyətlərinin ardıcıl şəkildə həyata keçirilməsini müsbət qiymətləndirib.
Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova çıxışında gənclərin tərbiyəsində idmanın müsbət rolunu qeyd edib. O, şəhidlərimizin əziz xatirəsinə həsr olunan belə tədbirlərin məktəb–universitet–cəmiyyət əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Final oyununda Mühəndislik fakültəsinin III kurs tələbələrindən ibarət komanda I yerə layiq görülüb. İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə çempionatda II yeri tutub.
Qeyd edilib ki, Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam etdiriləcək və tələbələr arasında sağlam həyat tərzinin, kütləvi idmanın daha geniş təbliği istiqamətində fəaliyyətlər ardıcıl şəkildə həyata keçiriləcək.










