Məcburi köçkünlərə qarşı nifrət kampaniyasına hüquqi müdaxilə çağırışı
Son dövrlər sosial şəbəkələrdə məcburi köçkünlərə qarşı təhqir, nifrət və ayrı-seçkilik yaradan paylaşımların artması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
ERAmedia xəbər verir ki, müraciətdə bu cür halların cəmiyyətin birliyinə və milli həmrəyliyə ciddi təhlükə yaratdığı vurğulanır.
Araşdırmaçı jurnalist Günel Musa bildirib ki, bəzi şəxslər jurnalist adı altında cəmiyyətdə qarşıdurma yaratmağa çalışır, yerli əhali ilə məcburi köçkünləri üz-üzə qoyan çıxışlar edir və bununla da ölkənin daxili sabitliyinə zərbə vururlar. Onun sözlərinə görə, həmin şəxslərin təsiri altında bəzi sosial şəbəkə istifadəçiləri də məcburi köçkünləri açıq şəkildə təhqir edir, alçaldır və düşmənçilik yaradan ifadələr işlədirlər.
Müraciətdə qeyd olunur ki, bu cür davranışlar təkcə ayrı-ayrı insanlara qarşı yönəlmir, bütövlükdə ölkənin daxili həmrəyliyini zəiflədir. Bildirilir ki, cəmiyyətin parçalanması heç kimin maraqlarına xidmət etmir və bundan yalnız Azərbaycanın düşmənləri faydalana bilər.
Günel Musa dövlət rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edərək milli həmrəyliyi pozmağa çalışan, insanlar arasında nifrət yayan, məcburi köçkünləri təhqir edən şəxslərin əməllərinə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edib.
Araşdırmaçı jurnalist vurğulayıb ki, yerli əhali ilə məcburi köçkünlər arasında yarana biləcək bütün məsələlər yalnız qanun və hüquq çərçivəsində həll olunmalıdır. Onun fikrincə, Azərbaycan xalqını qarşı-qarşıya qoymaq heç kimə başucalığı gətirməz və ölkədə baş verən proseslər beynəlxalq ictimaiyyət, eləcə də qonşu dövlətlər tərəfindən diqqətlə izlənilir. Buna görə də cəmiyyət birlik və həmrəylik nümayiş etdirməlidir.
Müraciətdə həmçinin qeyd edilir ki, Vətən uğrunda şəhid verməyə gəlincə, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, onun övladları bu torpaq uğrunda canından keçməsin. Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Gəncə, Bərdə, Şəki, Lənkəran və ölkənin digər bölgələrinin yüzlərlə şəhid verdiyi xatırladılaraq vurğulanır ki, bu Vətən hamımızındır və onun müdafiəsində bütün Azərbaycan xalqı çiyin-çiyinə dayanıb.
Sonda hüquq-mühafizə orqanlarından cəmiyyətdə nifrət və qarşıdurma yaradan halların qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlərin görülməsi xahiş olunur.









