media-mer_rouge1b

Orta Şərqin niyə dəfələrlə eyni faciələri yaşaması və bu prosesin cəmiyyətlər tərəfindən böyük fərəh hissi ilə qarşılanması barədə müzakirələr davam edir.

ERAmedia xəbər verir ki, yazıçı Aqşin Yenisey bu məsələyə Karl Popperin “Tarixpərəstliyin səfaləti” əsəri kontekstində yanaşaraq, regiondakı proseslərin kökündə “tarixpərəstlik” adlandırdığı düşüncə tərzinin dayandığını bildirib.

Yazıçı qeyd edib ki, Popperin “historisizm” adlandırdığı anlayışı “tarixpərəstlik” kimi tərcümə etmək olar. Onun fikrincə, tarixpərəstlik indini və gələcəyi tarixi təcrübələr və əhvalatlar üzərində qurmaq, “qələmi qılıncın varisi olaraq tərbiyələndirmək” deməkdir.

Aqşin Yeniseyin fikrincə, tarixpərəstlik tarixdən mədəniyyət yaratmaq cəhdidir ki, müəyyən vaxt və şərait yetişdikdə həmin mədəniyyət yenidən tarixə çevrilə bilsin.

“Yəni tarixpərəstlik tarixin turşuya qoyulmasıdır”, – deyə yazıçı vurğulayıb.

O, bu prosesi Teseyin gəmisinin paradoksu ilə müqayisə edərək bildirib ki, köhnə gəminin taxtaları bir-bir sökülərək ona bənzəyən, lakin başqa bir gəmi qurulur və bu gəminin adı “mədəniyyət” olur.

Yazıçının qənaətinə görə, Orta Şərq xalqları min illərdir tarixin “köhnə gəmisinin” taxtalarını dəyişdirərək yeni mədəniyyət qurmağa çalışırlar. Lakin bu prosesə baxmayaraq, nəticədə forma və məzmunun dəyişmədiyini düşünür.

“Orta Şərqdə min il əvvəl nə baş veribsə, bu gün də eynisi baş verir. Bu, tənbəl bir tələbənin eyni paltarı kirləndikcə çevirib yenidən geyinməsi kimi acınacaqlı, eyni zamanda gülməli bir işdir”, – Aqşin Yenisey deyib.

O, Qırmızı dəniz ətrafında hazırda yaşanan hadisələri tarixi proseslərin təkrarı kimi təqdim edib və bunu Nəhavəd döyüşü və onun ətrafında baş verənlərlə müqayisə edib.

Aqşin Yeniseyin fikrincə, farslar Sasani tarixinin “köhnə taxtalarını” sökərək onun eynisi olan yeni bir mədəniyyət yaradıblar və həmin mədəniyyətin üzərinə İslamın “yaşıl rəngini” çəkiblər.

“İndi yeri və zamanı gəldi, mədəniyyətin altında gizlədilmiş tarix üzə çıxdı və artıq hər gün Qırmızı dənizi adına layiq boyamaqdadır”, – deyə yazıçı bildirib.

Aqşin Yenisey sonda tarixdən nəticə çıxarmaqla tarixə pərəstiş etmək arasında fərq qoyaraq, əsas nəticənin tarixi öyrənmək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, tarixə pərəstiş edən xalq öz inkişaf imkanlarını məhdudlaşdırır və keçmişin hadisələrini təkrar yaşamağa məhkum olur.

“Tarixi, sadəcə, öyrənmək lazımdır, tarixə pərəstiş bir xalqın öz ayaqlarını topuqdan sındırıb tərsinə, geriyə bitişdirməsidir”, – deyə Aqşin Yenisey fikrini yekunlaşdırıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər