Medvedevin qalmaqallı çıxışı: Siyasi ritorikada yeni gərginlik
Rusiya rəsmilərinin son açıqlamaları yenidən müzakirələrə səbəb olub və onların istifadə etdiyi üslub siyasi etikadan uzaq hesab edilir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski haqqında işlətdiyi ifadələr qəbuledilməzdir. Onun sözlərinə görə, Medvedevin iki liderin görüşünü “iki beyinsiz rusofob” kimi xarakterizə etməsi siyasi mədəniyyətə uyğun deyil.
Elxan Şahinoğlu qeyd edib ki, Medvedevin narazılığı liderlərin danışıqları rus dilində deyil, ingilis dilində aparması ilə bağlıdır: “Bu yanaşma Rusiyanın hələ də postsovet məkanına imperiya prizmasından baxdığını göstərir. Halbuki müstəqil dövlətlərin liderləri hansı dildə danışacaqlarını özləri müəyyən edirlər”.
Analitik əlavə edib ki, oxşar ritorika Rusiya mediasında da müşahidə olunur və dövlət kanallarında çalışan aparıcılar, o cümlədən Vladimir Solovyov da sərt və təhqiramiz ifadələrdən istifadə edir.
Elxan Şahinoğlunun fikrincə, Ukraynada davam edən müharibə fonunda bu cür açıqlamalar daha da təəccüblüdür: “Ukrayna əraziləri işğal altındadır, şəhərlər bombalanır, mülki insanlar həlak olur. Belə bir vəziyyətdə Zelenskinin rus dilində danışmağa üstünlük verməməsi tamamilə başadüşüləndir”.
Siyasi şərhçi vurğulayıb ki, keçmiş SSRİ-nin artıq tarixdə qaldığını qəbul etmək istəməyən dairələr hələ də region ölkələrinə təsir göstərməyə çalışır: “Bu, reallıqdan uzaq yanaşmadır və region dövlətlərinin müstəqil siyasət yürütmək hüququnu kölgə altına ala bilməz”.
Vural









