Məhkəmə hökmü ilə müsadirə edilən kriptoaktivlərin taleyi necə olacaq?
Azərbaycanda ilk dəfə cinayət işi çərçivəsində həbs qoyulan kriptoaktivlər məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə edilib.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu barədə açıqlamasında bildirib ki, təxminən bir il əvvəl Azərbaycanda ilk dəfə cinayət işi çərçivəsində kriptovalyutaya həbs qoyulması barədə məlumat yayılmışdı.
Onun sözlərinə görə, həmin iş üzrə məhkəmə prosesi artıq yekunlaşıb və maraqlı bir presedent yaranıb.
DTX-nin açıqlamasına əsasən, Yasamal Rayon Məhkəməsinin hökmü ilə iş çərçivəsində həbs olunanların Binance hesabında saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.
Osman Gündüz qeyd edib ki, “830 ədəd kriptovalyuta” ifadəsi müəyyən qədər qeyri-müəyyəndir. Belə ki, söhbətin konkret hansı kriptoaktivdən getdiyi açıqlanmayıb. Bunun 830 Bitcoin, Ethereum və ya digər kriptoaktiv olub-olmadığı məlum deyil.
“İş üzrə müəyyən edilən məbləğlərin böyüklüyünü nəzərə alsaq, təbii ki, bunun 830 USDT olmadığını düşünmək olar. Amma əlavə məlumat olmadığından Bitcoin və ya Ethereum olduğunu da dəqiq söyləmək mümkün deyil”, – deyə o bildirib.
Osman Gündüzün fikrincə, bu tip əməliyyatların özünəməxsusluğu ondan ibarətdir ki, burada fiziki əmlakdan deyil, beynəlxalq platformada saxlanılan və sərhəd tanımayan rəqəmsal aktivdən söhbət gedir.
O vurğulayıb ki, dünyada belə əməliyyatlar adətən istintaq orqanları, məhkəmələr və qlobal kriptobirjaların koordinasiyası ilə həyata keçirilir.
“Bu baxımdan DTX-nin kriptoaktivləri müəyyənləşdirərək Binance hesabında bloklatması və prosesi məhkəmə qərarı ilə müsadirəyədək çatdırması kifayət qədər spesifik və təqdirəlayiq bir nəticədir”, – Osman Gündüz qeyd edib.
Beləliklə, Azərbaycanda ilk dəfə kriptoaktiv məhkəmə hökmü ilə dövlət nəfinə keçib.
Osman Gündüz diqqətə çatdırıb ki, ölkədə virtual aktivlərin dövriyyəsini ayrıca tənzimləyən qanun hələ qəbul edilməyib. Bununla belə, mövcud qanunvericilik cinayət yolu ilə əldə edilmiş virtual aktivlərin xüsusi müsadirəsinə imkan verir və artıq bunun praktiki tətbiqi də baş verib.
Onun sözlərinə görə, bundan sonra daha maraqlı sual dövlət nəfinə keçən 830 kriptoaktivin taleyi ilə bağlıdır.
“Satılacaq, hərraca çıxarılacaq, yoxsa dövlət tərəfindən saxlanılacaq?” – deyə Osman Gündüz sual edib.










